01:20 16 Sentyabr 2019 256
Ana səhifə Xəbərlər

Zəng çalındı, siniflər doldu, partalar tutuldu - İLK DƏRSİN HƏYƏCANI

“Bu gün Bilik günüdür. Bu gün hər kəs üçün əlamətdardır.

Gördüyünüz birincilər ilk dərs gününün həyəcanını yaşayır. Artıq bu gündən 2019-2020-cı il tədris ilinə start verildi”.

Məktəbə qədəm qoyduğumuz ilk dərs günü unudulmaz xatirədir. Bu gün həm valideynlərin, həm də şagirdlərin sevinc və həyəcanına səbəb olur. Onların geyimi də eynidir, öhdəlikləri də. Birincilərin ürkək baxışları onların gələcəyə daha aydın nəzər salacağına işarədir.

Əllərində gül dəstələri ilk dəfə müəllimlə, kitabla, yazı lövhəsi ilə təmasa keçən birincilərin qulağı ilk zəngi də eşitdi.

“Və bu tədris ilinin ilk zəngi də çalındı. Uğurlar!”

Müəllimlərin isə bir qayəsi var: cəmiyyət üçün bilikli insan yetişdirmək. Elə onların da həyəcanı yerə-göyə sığmır: “Siz inanın ki, bu gün mən birincilərim qədər həyəcan keçirirəm. İbtidai sinif müəllimi olmaq həm çətin, həm də şərəfli peşədir. Əsas odur ki, şagirdləri həm ana, həm də müəllimə kimi sevəsən. 35 ildir ki, bu işlə məşğul oluram və qürur duyuram”.

Paytaxtın Nərimanov rayonundakı 193 saylı məktəbdə də ilk dərs günü münasibətilə tədbir keçirilib: “Təhsili olmayan xalqın gələcəyi yoxdur. Çox sevindirici haldır ki, keçən il 193 saylı məktəbimiz çox yaxşı uğurlar əldə edib”.

Suraxanı rayonundakı 87 saylı tam orta məktəbin birinciləri də məktəbə böyük sevinclə qədəm qoyublar: “Bu gün birincilər böyük enerji ilə gördüyünüz pilləkənlərlə ilk dəfə məktəbə qədəm qoyacaq. Onlara bu uzun, şərəfli yolda uğurlar diləyirik”.

Abşeron rayonu Masazır kəndi 5 nömrəli tam orta məktəb də birinciləri qarşılayıb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilk dəfə məktəbə gələn şagirdləri, valideynləri və müəllimləri təbrik edib.

Hafizəniz möhkəm, zəkanız açıq, düşüncəniz iti, yolunuz uğurlu olsun, əziz birincilər...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın