14:40 18 Fevral 2020 379
Ana səhifə Xəbərlər

Yevlax sakini yeni dama və şahmat oyunları yaradıb

Yevlax sakini Şakir Zəngəzurlu tərəfindən yaradılan “Yevlax daması” və “Şahənşah” oyunlarına maraq durmadan artır.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, stolüstü oyunların böyük həvəskarı olan Şakir Zəngəzurlu bu oyunları ənənəvi dama və şahmat oyunlarının bazası əsasında tərtib edib.

Köhnə oyunlardan fərqli olaraq, yenilərdə bir sıra dəyişikliklər edilib. Məsələn, şahmatdan fərqli olaraq, “Şahənşah”ın xana ölçüləri artırılıb. İki piyada və iki vəkil əlavə edilib. Bundan başqa, oyunda vəkilin hərəkət imkanı genişləndirilib və ən əsası, qırmızı cizgili hədəf xətti müəyyən olunub: “Nə üçün “Şahənşah” götürülüb? Hər iki tərəfdə iki ədəd şah olur. İndi kim gətirib şahı mərkəzdə qızıl xanaya qoyarsa, bu, artıq 2:0 olur. Yəni oyun qurtarır. O biri şah gəlib əgər bayrağı qızıl xanaya sancırsa, o biri şah şahlıqdan düşür”.

Yeni yaradılan “Yevlax daması” da sələflərini təkrarlamır. Bu oyun taxtasının dama həcmi 81-ə çatdırılıb və əlavə daşlar əlavə olunub. “Şahənşah”da olduğu kimi, burada da qələbə cizgisi müəyyən edilib: “Yevlax daması” mən deyərdim ki, bəşər tarixində ən çox oynanılan stolüstü oyun olacaq. Nədən ötrü? Çünki bunda oyun daha tez başa çatır, daha maraqlı olur, çox maraqlı olur. Bir var 64 xanalı dama, bir də var 100 xanalı dama. Bu, hər ikisindən çox-çox gözəldir, üstündür. Neçə xanalıdır bu? Bu, 9X9 olduğundan 81 xanalıdır”.

Rayon sakini Yusif Əsədov da “Yevlax daması”nın fərqli və daha maraqlı olduğunu deyir: “Yevlax daması” rus damasından belə fərqlənir ki, ortada qırmızı xətt qoyulub. Bu “Yevlax daması” gedib qırmızı xətdə duranda olur dama. “Şahənşah”da isə şah gəlib qırmızı xəttə duranda olur 2:0. Daha oyun dayanır”.

Qeyd edək ki, yaradıldığı gündən etibarən rayon mərkəzində bu oyunların oynanılması üçün yerlər müəyyən olunub. Hətta bir sıra yarışlar da keçirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın