02:00 27 Aprel 2018 2024
Ana səhifə Xəbərlər

Yeni Yasamalın yolsuz, dayanacaqsız və toyuq-cücəli küçəsi - REPORTAJ

Yox , bu ərazi hansısa qarışıq mallar mağazası deyil. Heç ucqar kənd və yaxud qəsəbə də deyil, bura paytaxtın mərkəzi hissələrindən biri sayılan “Yeni Yasamal” yaşayış massivi, Əsəd Əhmədov küçəsidir.

Küçələr, maşın yolları mina düşmüş əraziləri xatırladır. Üzdə qalan kanalizasiya borularının da tez-tez sıradan çıxması səbəbindən onsuz da pis vəziyyətdə olan küçələri üfunət qoxusu bürüyüb. Günün 12 saatı toz-duman içərisində olan bu küçənin sakinləri yayda susuzluqdan, qışda isə yağışın, qarın fəsadlarından, keçilməz yollardan, saatlarla dayanacaqlarda avtobus gözləməkdən əziyyət çəkirlər.

Dəfələrlə aidiyyəti qurumlara müraciət edən sakinlərin səsinə səs verilmədiyi üçün məhəllədaxili yolları şəxsi imkanları hesabına qismən təmir ediblər. Lakin sakinləri təngə gətirən yol problemi sözügedən əraziyə məsul olan şəxslərin tükünü də tərpətmir.

Ətrafda fəaliyyət göstərən iaşə obyektlərində çalışanlardan onu öyrəndik ki, Əsəd Əhmədov küçəsində anti-sanitar vəziyyətin hökm sürməsi illərdir davam edir. Bu azmış kimi, indi də yolda başlanan abadlıq işləri kosmetik xarakter daşıyır.

Həmin yolun “Günəş Petrol”dan enişə qədər olan hissəsi olduqca dardır. Oradakı yolun kənarında olan 9 mərtəbəli binaların qabağında guya ağacların əkilməsi üçün yer nəzərdə tutulub, ancaq ərazi boşdur.

Sözügedən yolun əksər hissəsində tratuar ya heç yoxdur, ya da palçıqla örtülmüş bir çığırdır. Fiziki qüsuru olmayan insanlar üçün tratuarın olmadığı yerdə təbii ki, görmə qabiliyyətini itirmiş şəxslər üçün də ayrıca zolaq və əlillər üçün arabaların hərəkət edəcəyi yol nəzərdə tutulmayıb.

Yadıma bir neçə il əvvəl Yasamal rayonunda ət bazarının bağlanması zamanı baş verənlər düşdü. İndi bazar yoxdur, amma hamının gözü qarşısında kəsilən və qanı ayaqlarımızın altına axıdılan dilsiz-ağızsız heyvanlar var. Şəhərin mərkəzi ərazisi sayılan bu küçədə müxtəlif heyvanlar kiçik maşınların banında saxlanılır. Bundan başqa, inək, qoyun, toyuq-cücələr yolun tən ortasında insanların gediş gəlişinə mane olur.

Müasir hündürmərtəbəli binaların həyətlərində isə zibil yeşikləri dolub daşır. Bir sözlə, ərazi yaşayış massivini yox, gözdən-könüldən iraq olan qarışıq mallar massivini xatırladır.

Hazırda əhalinin suya olan tələbatını ödəmək üçün su xətləri dəyişdirilir və yaxud yenisi ilə əvəz olunur. Bu prosesin özü belə darısqal və keçilməz şosedə insanların gediş gəlişini çətinləşdirir.

Amma ən maraqlısı isə budur ki, Əsəd Əhmədov küçəsinin nə baş, nə də ayaq tərəfində bir dənə də olsun, dayanacaq yoxdur. Avtobusların sıxlığı həm insanlar üçün təhlükə, həm də tıxac yaradır.

Yolun ensiz olduğundan burda 177, 211 saylı marşrut avtobusları dayanmağa yer tapmır desək, daha dəqiq olar.

İnanırıq ki, yüzlərlə rayon sakinin qarşılaşdığı bu vəziyyəti düzəltmək üçün Yasamal rayonunun rəhbərliyi tədbirlər görəcək. Amma o gün yaxınmı, ya uzaqmı - onu deyə bilmərik. Gözləyək...

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın