17:18 05 Avqust 2020 849
Ana səhifə Xəbərlər

Yeni tədris ili necə təşkil olunacaq? – NAZİRLİK MƏLUMAT YAYDI

Hazırda Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir.

Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.

Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı, müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir.

Nazirlikdən verilən xəbərə görə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət, eləcə də ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın