11:20 05 İyun 2020 326
Ana səhifə Xəbərlər

Yaydan isti avtobuslar: sərinləndirmə sistemləri nə vaxt işə salınacaq?

Son günlər havaların istiləşməsi paytaxtda bəzi marşrut xətləri üzrə hərəkət edən avtobuslarda sərnişinlər üçün çətinliklər yaradıb.

APA TV xəbər verir ki, dayanacaqlarda monoton tünlük, bir çox avtobuslarda isə kondisionerlərin hələ də işə salınmaması vətəndaşların narazılığına səbəb olur.

Havalar isinir, yavaş-yavaş yay fəslinə doğru gedirik. Vətəndaşların bir çoxu isə həm maska taxmaqdan, həm də isti havadan gileylənirlər. Dediklərinə görə, eyni zamanda maska taxıb, bu istidə şəhərə çıxmaq onların tərləməsi və daha tez xəstələnməsinə səbəb olur. Vəziyyətlə bağlı avtobuslarda sorğu keçirdik.

- Mən artıq öyrəşmişəm. Həm yandırırlar, həm yandırmırlar. Mən avtobusa az minirəm. Çox vaxt maşınlayam, ona görə də o qədər də şey eləmirəm.

- 21 nömrəli avtobus hər gün istifadə elədiyimiz avtobusdur. Havaların isti keçməsi ilə əlaqəli, marşrutlarda kondisioner işləmir. Xahişimiz budur ki, kondisionerlər fəaliyyətə düşsün. Xalq rahat gedib gəlsin.

- Net, net, nə deyim? İşləmir də. Mən bilmirəm niyə.

- Olmalıdır da bu şey. Əlbəttə, başqa nə deyim, olmalıdır da.

Vətəndaşlarla sorğu əsnasında da gördük ki, avtobuslarda həddən artıq isti hava şəraiti var. Həm maska ilə bu istidə boğulmamaq, həm də tərləməmək olmur. İş orasındadır ki, sürücülərin də dediyinə görə, avtobuslarda kondisionerlərin yandırılması ilə bağlı heç bir tapşırıq verilməyib.

Vəziyyəti yerli-yataqlı öyrənmək üçün narazılığın daha çox olduğu 21 və 30 nömrəli marşrutların sürücüləri ilə danışdıq. Onlar da kondisionerlərin fəaliyyətinə dair heç bir göstəriş almadıqlarını dedikdən sonra zəng elədik Bakı Nəqliyyat Agentliyinə. Qurumdan isə bildirildi ki, məsələ artıq öz həllini tapıb: “Yay mövsümünün iyun ayının 15-də başlamasına baxmayaraq sərnişinlərimizin rahatlığını nəzərə alaraq, BNA tərəfindən artıq müntəzəm marşrut xətləri üzrə avtobuslarda sərinləndirmə sistemlərinin işə düşməsi ilə bağlı qərar qəbul olunub və bu qərarla bağlı da artıq, bütün daşıyıcılara rəsmi xəbərdarlıq məktubu ünvanlanıb. Qeyd edim ki, bu gün də daxil olmaqla qarşıdakı üç gün ərzində mərhələ ilə bütün avtobuslarda sərinləndirmə sistemləri işə salınacaq.

İndi bircə qalır, sərnişini olduğumuz marşrutlarda bu tapşırığın icra edilməsini öz gözlərimizlə görmək.

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın