02:00 21 Oktyabr 2019 41
Ana səhifə Xəbərlər

YAP Milli Şuranın qanunsuz aksiyası ilə bağlı tədbir keçirib

“Bəzi müxalif qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var”.

APA TV-nin məlumatına görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icraçı katib Əli Əhmədov deyib. O bildirib ki, əksəriyyət kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilmiş qanunsuz aksiyaların keçirilməsinə ədalətli münasibətini bildirməlidir: “Azərbaycanın hüquq mühafizə orqanları qanunu pozanlara qarşı ən kəskin şəkildə münasibətini bildirməli və hüquqi qiymətini verməyə çalışmalıdırlar. Biz eyni zamanda qeyri-qanuni, icazəsiz aksiya keçirənlərə Azərbaycanın qanunlarının sərt mövqeyini hüquq-mühafizə orqanları tərəfindən göstərilməsini onlardan həm xahiş edirik, həm də onları buna dəvət edirik”.

O qeyd edib ki, ölkədə bütün azadlıqlar təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd edib: “Bunlar elə bir yer seçiblər ki, orada mitinq keçirmək sağlam məntiqə sığmır və sığa da bilməz. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyil”.

Tədbirdə çıxış edən Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, millət vəkilləri beynəlxalq təşkilatlara öz müraciətini göndərməli, aksiyaları təşkil edənlərin əsl üzünü onlara göstərməlidir: “Doğrudan da, təəssüf doğuran faktlardan biri də ondan ibarətdir ki, dərhal, məsələni araşdırmamış, hansısa bir təhlil aparmamış Avropa birliyi tərəfindən bəyanat verilmişdir”.

Deputat qeyd edib ki, Belçikada və Fransada baş verən aksiyalarda ölənlər olduğu halda Avropa Birliyinin susması, bu gün isə Azərbaycanla bağlı bəyanat verməsi onların ikili siyasətinin göstəricisidir.

Tədbirdə çıxış edənlər aksiyaların təşkilatçılarını və onlara qoşulanların qanunsuz əməllərini pisləyib, onları qanunazidd əməllər törətməkdən çəkindirəcək çıxışlar ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın