01:20 21 Yanvar 2020 173
Ana səhifə Xəbərlər

Yanvarın 22-dən kirayə mənzillərlə bağlı müraciətlər başlayacaq

“Yanvarın 22-dən etibarən kirayə mənzillərə müraciət başlayacaq. Artıq normativ hüquqi baza yaradılıb. Bütün prosedurlar, sənəd nümunələri hazırlanıb. Şəffaflığın təmin edilməsi üçün bütün proseslər fond tərəfindən avtomatlaşdırılıb”.

APA TV-nin xəbərinə görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun mətbuat katibi Yeganə Ramazanova bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli qərarı ilə “Yaşayış sahələrinin satma öhdəliyi və kirayə vermə mexanizmi” yaradılması haqqında fərman qəbul edilib. Həmin fərmanla fonda yeni funksional fəaliyyət istiqaməti müəyyənləşib. Bu da yaşayış sahələrinin alınması və uzun müddətə satma öhdəliyi ilə kirayə verilməsi idi. Fərmana uyğun olaraq ASAN Xidmət mərkəzləri ilə artıq əməkdaşlıq əldə edilib. Burada əsas məqsədin şəffaflığın və xidmətdə operativliyin təmin olunması olduğunu deyən Yeganə Ramazanova onu da bildirib ki, kirayə mənzil üçün müraciət edəcək vətəndaşların qəbulu və onların sənədlərinin yoxlanılması Bakıda “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” tərəfindən həyata keçiriləcək: “Ərizəçi və onun gəlir mənbəyi kimi göstərdiyi ailə üzvü gücləndirilmiş elektron imza sertifikatı yəni elektron imza və ya ASAN imza əldə etməklə elektron hökumət portalında qeydiyyatdan keçir, öz şəxsi məlumatlarının işlənməsinə razılıq verməklə fondun ipoteka və zəmanət sistemində elektron kabinet yaradırlar”.

Ərizəçi və onun ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Müraciət etdiyi anda vaxtı keçmiş öhdəlikləri və məhkumluluğu olmamalı, yaş həddi isə 60 yaş müəyyənləşdirilir.

Fond rəsmisi deyir ki, kirayə mənzil üçün müraciət edən vətəndaşlar üçün əsas şərtlərdən biri kirayəçinin rəsmi gəlirə malik olmasıdır. Bu zaman fond müraciət edən şəxsin gəlirlərini təhlil edir. Ödəmə qabiliyyətinə uyğun olaraq müraciət edən şəxs fondun elektron ipoteka və kredit sistemi vasitəsi ilə onun üçün aylıq ödənişə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edir. Bu baxımdan gəlirlər təhlil olunduğu üçün vətəndaşların rəsmi gəlirlərinin olması vacibdir.

Fond rəsmisi ilkin olaraq 331 mənzilin satışa çıxarıldığını deyir. Mənzillərin qiymətlərinə gəlincə, mətbuat katibi deyir ki, bununla bağlı hələ ki, fond tərəfindən müəyyənləşmələr aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın