12:40 08 Aprel 2020 250
Ana səhifə Xəbərlər

Xüsusi karantin rejimində kim hara gedir? - REPORTAJ

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

APA TV-nin xəbərinə görə, məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasıdır. Bu səbəblə bütün digər şəxslərin yaşayış yerlərini tərk etmələrinə yalnız xüsusi şərtlər altında icazə verilir.

Vətəndaşlar ya evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməli, ya da işlədikləri yeri təsdiq edən arayış təqdim etməlidirlər.

Bəs görəsən, paytaxt sakinləri göstərilən tapşırığa əməl edirmi? Mövcud vəziyyəti araşdırmaq üçün “28 May” metro stansiyası ətrafına yollandıq. Ərazidə xidmət aparan polislərin vətəndaşla həmsöhbət olduğunu görüb, mikrofonumuzu onlara tuşladıq.

Kadrlardan göründüyü kimi, paytaxt sakini 8103 qısa nömrəsinə SMS göndərdiyi üçün yaşayış yerini 2 saat ərzində tərk edə bilər.

Çölə çıxma səbəblərinə gəlincə, söylənilən fikirlər müxtəlifdir. Kimisi aptekə dərman almağa, kimisi yas yerinə, işə, kimisi isə “internet pulu ödəməyə gedirəm” - deyə cavab verdi.

Bura isə “Nərimanov” metro stansiyası ətrafıdır. Məkan fərqli olsa da, mənzərə eynidir - çölə çıxan sakinlər və onlara yaxınlaşaraq səbəb soruşan polis əməkdaşları.

Nərimanov rayon PPX-nın tağım komandiri Mehman Səfərovun sözlərinə görə, xidmət zamanı heç bir neqativ hal aşkarlanmayıb: “Bu gün xidmətə cəlb olunan əməkdaşlarla bir yerdə Nərimanov rayonunun inzibati ərazisində xidmət aparırıq. Xidmət zamanı rastlaşdığımız vətəndaşlara yaxınlaşıb özümüzü təqdim edərək, hara getdiklərini soruşuruq. Demək olar ki, vətəndaşların əksəriyyəti şəxsiyyət vəsiqələri ilə birlikdə arayış təqdim edərək işə getdiklərini bildirir”.

Polis əməkdaşının sözlərinə görə, vətəndaşların elektron müraciətlərinə baxılması üçün onlara planşetlər təhkim edilib: “Arayış olmadıqda isə həmin planşetlər vasitəsilə sakinlərin hara gedib-gəldiyini öyrənmək mümkündür. Əgər hansısa qanun pozuntusu aşkar edəriksə, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, protokol tətbiq edilir və ona əsasən vətəndaş 100-200 manat dəyərində cərimə olunur”.

Həm özünüzün, həm də digərlərinin sağlamlığını təhlükə altına atmamaq üçün qoyulan qadağalara və tələblərə əməl etmək şərtdir. Ən azından səhhətinizə və pulunuza görə...

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın