19:20 26 Fevral 2020 844
Ana səhifə Xəbərlər

Xocalının “Ana Harayı” - REPORTAJ

Xocalı soyqırımından 28 il ötür.

APA TV-nin məlumatına görə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsini anmaq məqsədilə bu gün səhər saatlarından paytaxtın Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana Harayı” abidəsini minlərlə insan ziyarət edir.

Ziyarətçilər arasında həmin günün canlı şahidi olmuş insanlar da var. Xocalı sakini Səyyarə Xəlilova deyir ki, ermənilərin 28 il öncə Xocalıda törətdiyi vəhşilik hər gün yuxusuna girir: “Müsibət idi. Bircə onu istəyirəm ki, şəhidlərimizin heç birinin qanı yerdə qalmasın. Torpağımızı azad edək. Vətən uğrunda döyüşməyə hazıram. Necə ki, yoldaşımla birgə 4 il döyüşmüşəm, yenə də döyüşməyə hazıram. Təki Xocalı fəryadı yerdə qalmasın. Heç qalmasın”.

Xocalı sakini Sücaət Hüseynova mütləq öz doğma yurdlarına qayıdacağını deyir: “Erməni elə bilməsin ki, Qarabağı, Xocalını öz hesabına aldı. Erməninin havadarları var idi. O havadarlar açsınlar qulaqlarını, eşitsinlər ki, biz Qarabağa qayıdacağıq”.

Xocalı sakini Əkbər Həsənov isə Xocalı faciəsinin səhəri günü mühasirədə qalmış şəxslərin oradan çıxarılaraq Ağdama aparılmasını belə xatırlayır: “Ermənilər səhər hava işıqlananda bizi gördülər və atəşə tutdular. Kimə harda güllə dəyirdi, orda da yıxılıb qalırdı. Yaralıları Ağdam xəstəxanalarına gətirirdik. Onların əksəriyyəti ilə xəstəxanada rəhmətə getdi. Orda bacım yanımda idi. Qucağında da bir yaşında uşaq. Onu gətirdim Ağdamın Şelli kəndində yerləşdirdim. Təkrar qayıtdım Xocalıya. Gördüm ki, əmim oğlu artıq yaralanıb”.

Ölkənin bütün yerlərindən, məktəblərdən, idarə və təşkilatlarda, QHT-lərdən, diaspor və lobbi təşkilatlarından olan insanlar “Ana Harayı” abidəsini ziyarət edərək Xocalıda şəhid olmuş 613 azərbaycanlının əziz xatirəsini yad edirlər. Onların arasında Bakı Atatürk liseyinin şagirdləri də var. Liseyin direktoru Eylem Gültekin dünya birliyinin Xocalıda baş verənlərə susmasını utandırıcı bir hal olduğunu deyir: “Bu atəş 28 ildir içimizdə yanır. Azərbaycan türklərinin Xocalıda qətl edilməsinə, yurd-yuvasını tərk etmək məcburiyyətində qalmasına dünya birliyi göz yumur. 28 ildir bütün dünyanın insan haqları təşkilatlarını iş görməyə dəvət etdik. Amma heç bir nəticəsi olmadı. Fəqət türk dünyasında yaşayan heç bir türk bu faciəni unutmayacaq”.

Bu gün Xocalı hər azərbaycanlının and yeri – Qarabağın azad olunacağı günün ümid işığıdır. Eynən 9 yaşlı Xocalı sakini Əli Hüseynlinin səsləndirdiyi şeir kimi:

“Səfərbər et, səfərbər et, ey komandan!

Döyüşlərdə bizi sına.

Çox dözmüşük bəsdir daha,

Çatdı bizim zamanımız.

Azad edək Qarabağı,

Yansın ümid çırağımız”.

Qeyd edək ki, Xocalı soyqırımın 28-ci ildönümü ilə respublikanın müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər davam etdirilir.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın