13:07 06 Mart 2021 120
Ana səhifə Xəbərlər

Xaçmaz RİH-in şöbə müdiri: “Vətən Müharibəsində pay sahibi olduğum üçün qürur duyuram”

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə olunan müraciətlər həll olunur.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, bu barədə şöbənin müdiri Vüqar Fərzəliyev məlumat verib.

O qeyd edib ki, ümumilikdə şöbənin iş prinsipi şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə müraciətlər əsasında onlara yardım göstərilməsindən ibarətdir: "Bu günə qədər şöbəmizə şəhid ailələrindən, müharibə əlillərindən, müharibə iştirakçılarından müəyyən müraciətlər daxil olub. Əlimizdən gələni əsirgəməyərək, bütün vasitələrdən istifadə edərək onlara kömək olmağa çalışmışıq. Elə məsələlər var ki, bizə olunan müraciət əsasında yerindəcə həll olunur, elə məsələlər var ki, rayonların digər qurumları ilə əlaqəli koordinasiyalı şəkildə həll edilir, elə məsələlər də var ki, növbəli şəkildə bizdən yuxarı instansiyalara müraciət edilərək həll olunur".

Vüqar Fərzəliyevin sözlərinə görə, rayon icra hakimiyyəti nəzdində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsi ümumilikdə şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə kömək və dəstək üçün yaradılıb. Bunun üçün şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri icra hakimiyyəti nəzdində olan şöbəyə müraciət etməlidirlər: "Birinci növbədə Ali Baş Komandanımız, möhtərəm Prezidentimizə təşəkkürümü bildirmək istəyirəm ki, 30 ildən sonra bizə bu zəfəri yaşatdı. Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə göstərdiyi diqqət və qayğıya görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Mən Birinci Qarabağ Müharibəsi zamanı xidmətə başlayaraq Vətən Müharibəsinə qədər xidmət etmişəm, ehtiyatda olan zabitəm. Bu müharibələr arasında olan müddətdə də ordu sıralarında xidmət etmişəm. Dəmir yumruq əməliyyatında qismən də olsa pay sahibi olduğum üçün qürur duyuram".

Qeyd edək ki, Vüqar Fərzəliyev 1974-cü ildə Xaçmaz şəhərində anadan olub, 2001-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirib, 2001-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi başladıqdan sonra, yəni oktyabrın 7-də yenidən ordu sıralarına çağırılıb. Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən Vüqar Fərzəliyev yanvarın 10-da ehtiyata buraxılıb və ehtiyatda olan mayordur. “Silahlı Qüvvələrin 100 illik Yubileyi”, “Silahlı Qüvvələrin 90 illik Yubileyi”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın