15:50 13 Fevral 2020 607
Ana səhifə Xəbərlər

“Whatsapp”da narkotik satan 27 nəfər tutuldu - “BANDOTDEL” TÜRKİYƏDƏ ƏMƏLİYYAT KEÇİRDİ

Onlayn yolla narkotik vasitələrin ölkəmizdə satışını təşkil edən 27 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövr ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat keçirilib.

Qeyd edilən əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən 27 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib. Araşdırma zamanı müəyyən edilib ki, dəstənin rəhbərləri İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və qohumu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar.

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Müəyyən olunub ki, dəstə üzvləri gizli pərdələyici üsullardan istifadə edərək “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər. Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları da müəyyən edilib.

Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyə Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı Ağayar Ağazadənin anası Elvira Ağayevada cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.

Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkələrə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın