19:01 27 Oktyabr 2020 133
Ana səhifə Xəbərlər

Vüsal Qasımlı: "Ermənistanın hərbi itkiləri 2,7 mlrd. dolları keçib"

"Bu il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 mlrd. ABŞ dollarını ötüb".

APA TV-nin xəbərinə görə, bunu mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb: "Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilib. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir “KRUQ”, 2 S-125 zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 S-300 atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb”.

Vüsal Qasımlı, bunun tam siyahı olmadığını, yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcəyini qeyd edib: “Məhv edilən hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi Ermənistanın ötən 30 il ərzində qanunsuz silahlandırılmasına da aydınlıq gətirib”.

O həmçinin əlavə edib ki, cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir: “Ancaq 716 mln. dollar civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Belə ki, cəmi 2,6 mlrd. dollar həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb”.

V. Qasımlı qeyd edib ki, fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir.

"Ermənistanın milli valyutası olan dramın devalvasiyası qaçılmazdır"- deyən Vüsal Qasımlı əlavə edib ki, bu ölkənin tədiyə balansında və icmal dövlət büdcəsində kəsir varsa və bu xroniki xarakter daşıyırsa, əlbəttə, orada devalvasiya çıxış yollarından biridir.

Azərbaycan manatına gəldikdə, V. Qasımlı qeyd edib ki, ölkənin nə icmal büdcəsində, nə dövlət büdcəsində, nə də tədiyə balansında cari əməliyyatlar hesabında Azərbaycan manatının məzənnəsinə təhdid yaradacaq hər hansı məsələ yoxdur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın