18:40 17 May 2018 5310
Ana səhifə Xəbərlər

Vokal ifaçısı 700 bal topladı - AZƏRBAYCANDA İLK

Yüksək nəticə göstərib700 bal toplayan gənclərdən biri də Bakı Texniki-Humanitar Liseyinin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

APA TV-nin xəbərinə görə, təhsildə yüksək nəticə göstərən Zeynəb Quluzadə həm də Respublika fənn olimpiadasının qızıl mükafatçısıdır.

Zeynəb 700 bal topladığını elə qızıl medal boynuna taxılan zaman öyrənib. Odur ki, sevinci ikiqat artıb.

Bu gün onun sevincinə oxuduğu liseyin şagirdləri, direktor və müəllim heyəti, yaxınları, dostları da qatılıb.

Sən demə, 700 bal yığan Zeynəb həm də ifaçı imiş.

Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbində vokal ixtisası üzrə təhsil alan müsahibimiz incəsənət olimpiadasında da vokal ixtisasında yuxarı yaş qrupları üzrə birinci yerə layiq görülüb. Müslüm Maqomayevin 75 illik yubileyi ilə əlaqədar keçirilmiş respublika müsabiqəsində isə ikinci yer mükafatçısı olub.

Ailənin ilk övladı olan Zeynəbin valideynləri ali təhsillidir. Özündən iki yaş kiçik qardaşı da dərs əlaçısıdır. Deyir ki, ilk təməl təhsilini 5 saylı orta məktəbdə alıb. İbtidai sinfi bitirdikdən sonra isə imtahanla Nəsimi rayonundakı Texniki-Humanitar Liseyə qəbul olub: "Məktəbimiz, adından da göründüyü kimi, texniki-humanitar təmayüllüdür. Təbii ki, valideynlərim də mənim biliklərimin daha təkmil olması üçün bura gətirdilər məni. Əslində məni bu məktəbə gətirən daha keyfiyyətli təhsilin olmasıdır".

Zeynəb imtahana hər hansı kursa və yaxud əlavə hazırlıqlara getmədən, məktəb müəllimlərinin köməyi ilə hazırlaşıb. İllərdir olimpiadalardakı iştirak isə onun əsas uğur meyarlarından olub: "Mənim seçdiyim ixtisas da humanitar yönümü ilə seçilir. Lakin mən 5-ci sinifdən əlaçı olduğum üçün bütün fənlərə bacardığım qədər diqqət yetirməyə çalışmışam. 9-cu sinifdən isə daha çox ixtisas seçimi haqda düşünməyə başlamışam. İstər-istəməz hər kəs kimi, mən də öz qrupuma yönəlmişəm".

Dərslərini əla qiymətlərlə oxuyan Zeynəb deyir ki, yüksək nəticə əldə etməyin yolları heç də hamar olmayıb: "Bu nəticəni daha əziz edənsə odur ki, asanlıqla qazanılmayıb. Bu yolda mənə valideynlərim və müəllimlərim çox böyük kömək ediblər. Əlbəttə ki, mən çalışmışam, dərslərimə diqqətli olmuşam, ancaq müəllim amili burda çox böyük rol oynayır. Valideyn, müəllim və məktəb faktoru da təhsilimdə çox əhəmiyyətli olub".

"Yalnız sistemli biliklərlə nəticə əldə etmək olur" - deyən gənc müsahibimiz həmyaşıdlarına yalnız sonuncu sinifdə ixtisasları üzrə hazırlaşmağı məsləhət görür. Zeynəb sosial şəbəkələrdən uzaqdır. Deyir ki, fikrinin yayınmasından ehtiyat etdiyi üçün bu aləmdən uzaq olub.

Hüquq fakültəsində təhsil almağı arzulayan Zeynəb Azərbaycan musiqisini səsi ilə dünyaya tanıtmaq da istəyir.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın