18:49 11 Yanvar 2021 272
Ana səhifə Xəbərlər

Vətən Müharibəsində bir ayağını itirən qazimiz evinə döndü

Vətən Müharibəsində hər iki ayağından yaralanan, nəticədə onlardan birini itirən qazi evinə dönüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, üç aydır hərbi hospitalda müalicə alan qazi Mürşüd Quliyevi dostları və yaxınları bayraqlarla qarşılayıblar.

1997-ci il yanvarın 7-də Ağdamın Zəngişalı kəndində dünyaya gələn Mürşüd Quliyev hərbi xidməti başa vurduqdan sonra qardaşı ilə birlikdə yenidən hərbi xidmətə yollanıb.

1 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışan qazimiz Vətən Müharibəsi başlayanda cəbhənin Tərtər istiqamətində gedən döyüşlərə qatılıb. Oktyabrın 10-da ermənilərin atdığı mərmi nəticəsində manqa komandiri Anar Əsədovla birlikdə yaralanıb. Hər iki qəhrəmanımız bir ayağını itirib: “Mən fəxr edirəm ki, bu gün bizə qismət oldu. Bu günü cənab Ali Baş Komandan bizə qismət etdi. Mən fəxrlə döyüşə getmişəm, fəxrlə döyüşmüşəm. Qazi olsam da, ayağımı itirsəm də, bu günümlə fəxr edirəm”.

8 uşaqlı ailədə böyüyən Mürşüd və qardaşı Müşfiq uşaqlıqdan hərbçi olmaq istəyib. Bu səbəbdən də az yaşlarından idmanla məşğul olmağa başlayıblar. Əslində onlar həm qardaş, həm də ayrılmaz dost olublar. Hər ikisi idman turnirlərində orden və diplomlar qazanıblar. Elə döyüşdə də bir yerdə olublar. Müşfiqin yanına mərmi düşəndə qardaşı ondan 15 metr aralıda olub: “Düşmənin basqının dəf edəndə atdıqları artilleriya mərmisinə tuş gələrək yaralanıb və ayağını itirib. Bir iki dəqiqə keçdi, gözlədim, gördüm səsləri gəlir, sağdı. Şükür etdim ki, sağdı, qaçdıq getdik mən və manqa komandirim çıxardıb yolladıq hospitala”.

Qazimizin valideynləri övladları ilə fəxr edir. Anası Zərgül xanım, atası Vəli kişi deyir ki, oğlum bir ayağını itirdi, amma mən oğlanlarımın ikisini də bu vətənə, bu dövlətə qurban demişdim. Bilirdim ki, oğlanlarım ya şəhid olacaq, ya da qazi: “Allaha şükür torpağımız alındı. Prezidentimizə təşəkkür edirik, şəhidlərimizə allah rəhmət etsin, qazilərimizə can sağlığı versin. Fəxr edirik, şükür belə oğullar var, torpaqlarımızı azad elədilər. Gələcək balalarımız, nəvələrimiz yaxşı gün görəcək. Dəmir yumruq olaraq xalq, ordu möhtərəm Prezident ətrafında birləşərək bu neçə illərdən qalmış, qara buludu ermənilərin mənfur niyyətini aradan götürdülər. Allah şəhidlərimizə rəhmət etsin, onların qarşısında baş əyirik. Biz həmişə onlara borcluyuq. Qazilərimizə də can sağlığı versin. Vətəni bunlar qorumasa kim qorumalıdır”.

Hərbçi qardaşlarla fəxr edən təkcə ailəsi deyil. Onların görüşünə gələn və gələ bilməyən hər kəs fəxr edir.

Habil Aslanoğlu,

Arzu Quliyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın