07:20 14 Oktyabr 2019 45
Ana səhifə Xəbərlər

Vasim Məmmədəliyev II Fəxri Xiyabanda torpağa tapşırıldı

Bakı Dövlət Universitetində akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib.

APA TV-nin məlumatına görə, mərasimdə mərhumun yaxınları, dövlət rəsmiləri, elm və incəsənət nümayəndələri iştirak ediblər.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bu itkidən təəssüfləndiyini bildirib: “Vasim müəllimin elmi o qədər güclü, o qədər dərin idi ki, o, elmin digər sahələrinə də nüfuz edə bilirdi. İncəsənət, mədəniyyət hadisələrini, musiqini çox gözəl bilirdi. Muğamı dərindən bilirdi. Çox təəssüf ki, biz onu itirdik. Allah rəhmət etsin”.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov mərhumun yaxınlarına səbir diləyib: “Bu gün Azərbaycandakı şərqşünaslıq institutunun ayaqda durmasında, şərqşünaslıq elminin inkişafında çox böyük rolu olmuş və bu gün də tələbələri müxtəlif qurumlarda, eyni zamanda bizim institutda fəaliyyət göstərən bir şəxsiyyətdir. Allah rəhmət etsin. Allah yaxınlarına səbr versin”.

Yazıçı, kinodramaturq İlqar Fəhmi deyib ki, Vasim müəllim 77 il ömür sürüb: “77 ilin 59 ildən çoxunu ədəbiyyata, dilə, şərq ədəbiyyatına, şərq dillərinə həsr elədi. Ümid edirəm ki, onun tələbələrindən, yetirmələrindən həmin boşluğu doldura biləcək alimlərimiz ərsəyə gələcək”.

Vasim Məmmədəliyevin tələbəsi olmuş Vüqar Qaradağlı alimin ölümünün Azərbaycan elmi üçün ağır itki olduğunu bildirərək, onunla sonuncu görüşündən danışdı: “3 həftə bundan qabaq çox şirin söhbətimiz oldu. Zarafatlaşırdı mənim ilə. Özü deyib danışırdı, qəzəllər söyləyirdi. Rahat idi. Xəstəlikdir də, bilirsiniz. Amansız xəstəlik... “Alim öldü, aləm öldü”. Belə bir deyim var. Vasim müəllimin itkisini hələ zaman keçdikcə hiss edəcəyik”.

Alimin qardaşı, görkəmli tarzən Vamiq Məmmədəliyev mərasimə qatılanlara təşəkkürünü bildirib: “İnanırsınız ki, ürəyim qubarlandı. Bir insana xalqın bu qədər sevgisi olarmış... Mən ona qibtə elədim. Mən deyərdim ki, Vasim müəllim ölməyib, sağdır. Sağ olsun xalqımız!”

Görkəmli alimin cənazəsi vida mərasimindən sonra II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın