17:16 13 İyul 2020 214
Ana səhifə Xəbərlər

Vaqif Dərgahlı: “Azərbaycan heç bir ərazi itkisi verməyib”

“Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

O bildirib ki, bu gün səhər saatlarında da düşmənə sarsıdıcı zərbələr endirilib və ermənilər həmişəki kimi itkiləri gizlədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə, düşmən hər zamankı kimi itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”

Onun sözlərinə görə, hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir. O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.

Nazirlik rəsmisi bildirib ki, düşmən təxribatlarını həm də sosial şəbəkələr vasitəsilə həyata keçirməyə çalışır, sosial şəbəkələrdə yalan məlumatlar yayır: “Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram”.

V.Dərgahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərlərə inanmağa çağırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın