18:17 11 Dekabr 2019 882
Ana səhifə Xəbərlər

Uşaqlarına işgəncə verən ata həbs olundu, analıq isə… - RƏSMİ

Övladlarına sonradan evləndiyi qadınla bərabər işgəncə verən ata həbs edilib, analıq isə polis nəzarəti altına götürülüb.

APA TV-nin məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində yazıb.

Ağcabədi rayon sakini Xəqani Əkbərov və Nuranə Əkbərova azyaşlılar - Qulu Əkbərov və Hüseyn Əkbərzadəni paytaxtda yaşadıqları ünvanda mütəmadi döyüb və fiziki ağrılar yetiriblər. Onların Q.Əkbərova baş-boyun nahiyələrində, sol qol və sol ayağında müxtəlif zədələr - ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, H.Əkbərzadəyə isə üzündə, bədənində, hər iki qol, əl və ayağında sınıq da daxil olmaqla müxtəlif zədələr - ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azyaşlılarda xəsarətlərin əmələ gəlmə müddətinin ata və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi təsdiq olunub.

Uşaqlar xalaları, həmçinin bəzi dövlət və ictimai qurumların nümayəndələrinin iştirakı ilə işgəncələrə məruz qalmaları barədə ifadə verib.

X.Əkbərov və N.Əkbərova Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunub.

Bundan başqa X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda azyaşlıların həyati reabilitasiyası peşəkar mütəxəssislərə həvalə olunub.

Nuranə Əkbərova isə 16 həftəlik hamilə olduğuna görə polis nəzarəti altına götürülüb.

Zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın