11:20 21 Fevral 2020 168
Ana səhifə Xəbərlər

TRT-nin Bakıda təşkil etdiyi təlimlər başa çatıb

TRT-nin Bakıda təşkil etdiyi “Yeni Media Jurnalistikası” təlimləri başa çatıb.

APA TV-nin məlumatına görə, təlimlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə təşkilatçılığı ilə baş tutub.

Bağlanış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, TİKA, TRT və Anadolu Agentliyinin Bakı nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Erkan Özoral bildirib ki, bu cür layihələrin davamlı olması Azərbaycan mediasının inkişafına böyük töhfə verəcək: “Artıq bütün dünyada müasir dövrün tələblərinə cavab verən media üçün jurnalistlər yetişdirmək böyük əhəmiyyət kəsb edir. Bu baxımdan TİKA-nın təşkil etdiyi bu layihə, rəqəmsal dövrdə rəqəmsal jurnalistikanın necə olması istiqamətində aparılan bu çalışmalar gənc jurnalistlər üçün yararlı olacaq. Buraya qatılan bütün jurnalistləri bu təlimlərdən faydalandığını düşünürəm və TİKA ilə Azərbaycan mətbuatı arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyini düşünürəm”.

5 gün ərzində baş tutan təlimdə müxtəlif media qurumlarını təmsil edən 30 jurnalistə rəqəmsal medianın yenilikləri, onlayn media, sosial şəbəkələrin idarə olunması və digər məsələlər barədə dərslər keçirilib:

TRT-nin Yeni Media Mərkəzinin əməkdaşı Ömər Faruk Darbaz deyir ki, dərslərdə rəqəmsal media və onun strategiyası haqda məlumatlar verilib: “Sosial platformalardan necə yararlanmaq olar, paylaşımlar nə şəkildə edilməlidir – bunlar haqqında bildiklərimizi Azərbaycanlı həmkarlarımızla paylaşdıq. Dərslərdən sonra bu təlimlərdə iştirak edən 5 və ya 6 nəfər jurnalisti daha yüksək səviyyəli yeni media təhsili üçün Türkiyəyə dəvət edəcəyik. Onlar bizim studiyalarımızla tanış olacaqlar və fərqli mütəxəssislərdən yeni bilgilər alacaqlar”.

Təlimlərdə iştirak edən jurnalistlər diplom və hədiyyələrlə təltif olunub. Sözügedən təlimlərdə APA TV-ni Həmidağa Məcidov və Elvin Paşazadə təmsil ediblər.

Qeyd edək ki, təlimlərin ikinci mərhələsi aprel ayında Türkiyədə baş tutacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın