08:00 06 Noyabr 2019 140
Ana səhifə Xəbərlər

Teleradio işçiləri peşə bayramını qeyd edir - APA TV-DƏ BİR İŞ GÜNÜ

Teleradio işçiləri arasında belə bir cümlə işlədilir: “Teleradio sözün yaxşı mənasında bataqlıqdır, burda işə başladınsa, sevdinsə, buranı özünə “ikinci ev” hesab etdinsə, çətin burdan ayrılasan”.

Noyabrın 6-sı bu sahədə çalışan insanların günüdür. Amma biz - yəni televiziya sahəsində çalışanlar üçün peşə bayramımız da adi iş günlərindən biridir.

APA TV-də illərini bu sahəyə həsr edən əməkdaşlarımız çalışır. Onları siz də çox yaxından tanıyırsınız. Evinizin daimi qonaqları da adlandıra bilərsiniz onları.

Son 7 dəqiqə qalıb efir vaxtının başlanmasına. “ APAralel” verilişinin növbəti yayımı başlayacaq. Aparıcı şux görünüşlü, illərin təcrübəsi - jurnalisti İlqar Əlfioğlu, qonaqları isə ondan az tanınmayan - jurnalist İradə Tuncay və Etibar Babayevdir. Vaxtlarından bir neçə dəqiqəni oğurlayıb bu günlə bağlı fikirlərini öyrəndik. Operatorum Xəyal Şükürlü 3-ə qədər sayır və budur - söz İlqar Əlfioğlunundur: “Bütün televiziya işçilərini təbrik edirəm. Ömrünüzü çox çətin, amma lazımlı bir işə bağlamısınız, həsr etmisiniz. Siz elə bir yerdə işləyirsiniz ki, azərbaycanlı ailələrinin çağırılmamış qonağısınız. Heç kəs sizi seçmir, evə girən kimi televizorun düyməsini basır və siz onların süfrələrinin başında oturursunuz. Bunun məsuliyyətini dərk edin işiniz avand olsun!”

Qocaman teleradio işçisinin sözləri də elə illəri kimi zəngindir. Keçək qonaqlarımıza. “Buyurun İradə xanım siz bu gün haqda nə deyə bilərsiniz?” sualını verib, onun da fikirlərini öyrənirik: “Bütün həmkarlarımızı təbrik edirəm. Çox ağır zəhmətlə nəyisə ərsəyə gətirirlər. O zəhmətin müqabilində təşəkkür edən də yoxdur. Əksinə tamaşaçıların da narazılığı ilə üzbəüz gəlirlər. Amma hər halda hər kəs öz sevdiyi işlə məşğul olursa, bu çox gözəldir.

Teleradionu XX əsrin möcüzəsi adlandıran telejurnalist Etibar Babayev deyir ki, həmin möcüzə sayəsində insanlar sərhədləri aşaraq dünyanın hər yerində baş verən hadisələrdən xəbərdar olurlar: “Təbii ki, bu sahədə işləyən insanların həm məsuliyyəti, həm də əziyyəti böyükdür. Amma hərdən haqq etdiklərini də qazanmırlar. Çünki birbaşa olaraq tamaşaçı ilə ünsiyyətdə deyillər. Kiminin xoşuna gələ və yaxud gəlməyə bilərsən. Əsas odur bu sahədə işləyənlər öz vəzifəsini şərəflə yerinə yetirsin”.

Studiyadan çıxıb efir otağına keçirik. Burada veriliş redaktoru, efir rejissoru və səs rejissorunun birgə əməyi nəticəsində verilişə son hazırlıq işləri görülür. Budur, veriliş başladı. Təbii ki, görünən efirin kadrarxası “qəhrəmanlar” var. Onlar olmasa efir də olmaz: “Sevinirəm ki, ilk gündən bir işlə - bacardığım işlə məşğulam. Artıq 19 ildir ki, televiziya sahəsindəyəm. Çətin və maraqlı işlər də olub. Əsas olan müxtəlif televiziyalardan insana qalan yaxşı dostlardır ki, televiziyalar mənə onları bəxş edib”.

“Mən də hər kəsin bayramını təbrik edirəm. İnşallah, neçə belə bayramları qeyd edək. Rejissorumuz Emil nə lazımdırsa dedi, mən də onun sözlərinə qoşuluram”.

Maraqlı fikirlərdən birini mikrofonumuza “ APAralel” verilişinin redaktoru Aytən Yusifova səsləndirir. Özü də tez və lakonik: “Hazırda canlı efirdəyik və dəqiqələr bizim üçün önəmlidir. Televiziya komanda işidir. Mən bütün komandanı, həmkarlarımızı bu gün münasibətilə təbrik edir, uğurlar arzulayıram”.

Və kollektivin sevimlisi - Hacı Elnar... Danışmağı çox xoşlamayan Elnar Şıxməmmədovun bu gün ürəyi dolu idi: “Televiziyada çalışan bütün həmkarlarımı təbrik edirəm. Hər bir kəsə uğurlar arzu edirəm”.

Teleradionun döyünən ürəyi, əsas sütunu “Xəbərlər” departamentidir. Kameramızı həmin departament tərəfə yönləndirib, xəbər müdirimiz, əməkdar jurnalist Nəsimi Nəbizadənin və “Sosium” verilişinin aparıcısı Sevinc Vaqifqızının yanına gəldik: “Televiziyanın 63, radionun 93 yaşı olur. Mən də 1996-cı ildən bu tərəfə, ömrümün 23 ilini televiziyaya həsr etmişəm. Gənc həmkarlara - APA TV-də bir yerdə çalışdığımız dostlara da arzu edirəm ki, televiziyada ən azı mənim qədər illər keçirsinlər, təcrübə toplasınlar”

“Düz 24 ildir ki, mən də bu sirli, sehrli aləmdəyəm. 24 il əvvəl mənim də səsim Azərbaycan Dövlət Radiosunun efirindən səslənib. O yol ta bu günə qədər sevgi, fəxr və qürurla uzanıb. Bu gün bütün həmkarlarımı təbrik edirəm”.

Tanınmış teleaparıcı İqrar Eyvazov da bu günlə bağlı fikirlərini bölüşdü: “Bu gün televiziya və radio işçilərinin peşə bayramıdır. Bütün həmkarlarımı təbrik edirəm və hər birinə bu işdə uğur arzu edirəm”.


APA TV-nin Layihə rəhbəri, amma daha çox müxtəsər danışan aparıcı titulunu alan Orxan Məmmədli öz ampluasında idi. Bildirdi ki, bu gün əslində radionun yaranma günüdür və ilk söz də “Danışır Bakı!” olub: “Arzum budur ki, Bakının səsi nəinki regiondan bütün dünya mediasından gəlsin. Azərbaycan mediasının səsi ucalarda, yuxarı sıralarda olsun”.

Təcrübəli müxbirlərimizdən İlahə Hacıyevanı iş başında yaxaladıq: “Bura səsyazma otağıdır. Hazırda xəbərlər üçün səs oxuyuram. 12-13 ildir ki, televiziyaya gəlmişəm. Çalışdığımız qədər televiziyaya, tamaşaçıya qulluq edirik”.

Sonda isə bütün həmkarlarımızı kollektivimiz adında peşə günü münasibəti ilə təbrik edirik. Uğurlarınız bol olsun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın