00:40 15 Noyabr 2019 399
Ana səhifə Xəbərlər

Təbriklər, 15 yaşlı kapitan! - APA YUBİLEYİNİ QEYD EDİR

“Xəbərimiz var!”. Onlar 15 ildir bu devizlə addımlayır. Operativ, dəqiq, tərəfsiz - budur APA-nın iş prinsipi.


APA-Group”a daxil olan Azəri-Press Agentliyinin - yəni APA-nın 15 yaşı olur.


APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis dillərində xəbərlər tirajlayır. Xəbər xidməti “on-line” sistemi ilə həyata keçirilir.

Saytın informasiya lentində Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri xəbərlər, analitik yazılar, müsahibələr, şərhlər hazırlayır, foto və video xidməti göstərir.

Agentliyin Baş direktoru Nurşən Quliyev deyir ki, APA dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələri - telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, mübadilə aparır: “İnsan hər zaman əli çatandan, nail olduğundan daha artığını istəyir. Biz istərdik ki, daha böyük hədəflərə çataq. Fəaliyyətimizi daha da genişləndirək. Çox istərdim ki, Azərbaycan informasiya agentlikləri, o cümlədən də APA dünyanın tanınan, sayılıb-seçilən agentliklərindən olsun. Təbii ki, Azərbaycan kimi kiçik ölkələrdə bu o qədər də asan olmur. Amma biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Nə dərəcədə bunu edirik, nə dərəcədə bunu bacarırıq bunu oxucularımız və bizi kənardan izləyənlər deyə bilər”.

15 yaş insanın yeniyetməlik çağıdır. APA indi bu vaxtını yaşayır. Enerjili, pozitiv və çevik...

Agentlik yaranan gündən burdadır. O vaxtdan burada bütün əməkdaşlarla çiyin- çiyinə çalışan redaktor Gülşən Hacıyeva deyir ki, APA ilə Azərbaycanın ən aparıcı dövlət və özəl qurumları, ölkəmizdə fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatlar əməkdaşlıq edir. 15 il ərzində Azərbaycanda nəşr olunan və yayımlanan onlarla kütləvi informasiya vasitəsi APA-nın abunəçisinə çevrilib: “ APA-da olmaq, APA-nın əməkdaşı olmaq fərqlilikdir. Bu qurumun yaradıcılarından biri olmaq mənim üçün ayrıca bir statusdur. Bununla hər zaman fəxr etmişəm, qürurla bu statusu daşıyıram. Mənə görə APA bir məktəbdir, APA bir ocaqdır. APA bir ailədir. Bu günə kimi qarşımıza qoyduğumuz bütün hədəflərə çatmaq istiqamətində var gücümüzü sərf edirik. Bu, belə də davam edəcək. Dayanmaq yoxdur! APA-dan yolu keçən, bir gün də olsa APA-da çalışan bütün APA-çıları təbrik edirəm”.

Redaktor Məhbubə Qasımbəyli APA-nı mən ikinci evi sayır: “ APA-nın yeri Azərbaycan mediasında əvəzedilməzdir. Mən Azərbaycan mediasını APA-sız təsəvvür edə bilmirəm. APA 15 il əvvəldən bu günə kimi Azərbaycan mediasının əsas istinad yeridir. Mən hər zaman arzulayıram ki, o belə də qalsın, daimi olsun”.

Redaktor Hafiz Heydərov APA-nı məktəb sayır: “ APA-nın bütün kollektivini təbrik edirəm. APA mediada özünəməxsus yeri olan bir agentlikdir. Doğru xəbərin ünvanını hamı APA-da axtarır. 15 il böyük yoldur. APA bir məktəbdir və bu məktəbi keçən hər bir insanı təbrik edirəm”..

Redaktor Kəmalə Quliyevanın da APA-ya arzularını eşidək: “ APA mənim üçün təkcə iş yeri deyil, həm də bir ailədir, kollektiv mənim üçün çox doğmadır. Mən başqa hansısa işdə bu qədər doğmalıq ola biləcəyini düşünə bilmirəm. Ailəmizin daha da böyüməsini, şaxələnməsini bir ailə üzvü kimi mən də ürəkdən arzu edirəm”.

Agentliyin İdman redaksiyasının əməkdaşı Tahir Hümmətovun 15 yaşlı gənc APA-ya təbriki elə idman dilində oldu: “Təbriklərə mən də qoşuluram. Kollektivimizi və oxucularımızı təbrik edirəm. 15 illik dövr qısa müddət deyil, idman dili ilə desək, əsas məqsəd onsəkkizlikdə olmaq deyil, daim meydanda olmaqdır. Biz də daima meydanda olub, öz gücümüzü hamıya göstərəcəyik”.

İngilis redaksiyasının baş redaktoru Faiq Mahmudovun həyatının 11 ili APA ilə bağlıdır: “Regionda ən öndə olan APA-nın rəhbər heyətini və kollektivi təbrik edirəm. Bu yolda hər birimizə uğurlar diləyirəm”.

Agentlikdə peşəkarlarla yanaşı, jurnalist fəaliyyətinə yeni başlayanlar da var. Yubiley günündə onların da deyiləcək sözləri var…

Müxbir Mirmehdi Ağaoğlu: “Mən də çalışıram ki, özəl müsahibələrlə APA-ya öz töhfəmi verim. Düzdür, xəbər də yazıram, tədbirlərə də gedirəm, amma özümü müsahibə alanda daha rahat hiss edirəm. Əlimdən gələn qədər çalışıram ki, “çorbada tuzum olsun”.

Sosial media meneceri Turan Əsədova: “ APA mənim üçün xəbərin əlifbasıdır. Baxmayaraq ki, bir müddət aralı düşdüm, amma bütün qəlbim hər zaman APA ilə döyündü. Bütün kollektivi, elə özümü də təbrik edirəm. Özümü xoşbəxt hiss edirəm ki, APA-nın 15 illiyində mən də varam”.

Müxbir Səlcuq Elçin: “ APA-ya yeni gəlsəm də, 5 ildir ailənin üzvüyəm. Əvvəl Lent.az da çalışmışam. Mən də bütün dostlarımızı təbrik edirəm. Uğurları daimi olsun”.

Fotoredaktor Vüqar Abışov: “Təbrik edirəm bütün kollektivimizi. Daha uca zirvələrə doğru addımlasın”.

Bu 15 ildə APA tək addımlamayıb. Onun yoldaşları - Lent.az , Vesti.az , Kulis.az APA TV-dir. Bu böyük komandanın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya ölkələrində büroları fəaliyyət göstərir.

Bu gün 15 ilini qeyd edən dostlarımıza, həmkarlarımıza ailənin sonbeşiyi - APA TV komandası olaraq bizim də ürək sözümüz var.

Daim zirvədə qal APA! 15 yaşlı kapitan!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın