18:56 01 Dekabr 2020 204
Ana səhifə Xəbərlər

Taxtakörpüdəki Laçın obalarında Laçın coşqusu - REPORTAJ

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun işğaldan azad olunduğunu elan etməsi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində böyük coşqu ilə qarşılanıb.

APA TV-nin Qarabağ bürosunun əməkdaşları qəsəbədəki Laçın obalarında olaraq, tarixi kadrları lentə alıb.

Taxtakörpü qəsəbəsindəki Laçının qış otlaq sahələrində məskunlaşan laçınlıların bayram sevinci bir başqa olub. Uzun illər yeraltı qazmalarda, fin evlərində, qarğu daxmalarda məskunlaşan laçınlılar qəsəbənin mərkəzi meydanına toplaşıb.

Gələnlər arasında Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 20 yaşlı Nihad Əliyevin atası Heydər Əliyev də olub. Laçın rayonunun Alxaslı kəndindən olan şəhid atası torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan oğlu ilə qürur duyduğunu deyib: “Mən fəxr edirəm ki, mənim oğlum Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olub. Sağ olsun Ali Baş Komandanımız, bizim torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa, ordumuza qüvvət versin! Onların qanı yerdə qalmadı, hər birinin qanı artıqlaması ilə alındı”.

Balay Bəndəliyev Laçın rayonunun Qarakeçdi kəndindən çıxanda 17 yaşı olub: “Bu gün həyatın işinə bax ki, mən Laçından çıxanda 17 yaşım vardı, indi oğlumun 17 yaşı var. Ali Baş Komandana təşəkkür edirəm”.

Oğlu Nicat Bəndəliyev çox xoşbəxt olduğunu deyib: “Mən anadan olanda köçkün kimi doğulmuşam. Amma dünən sonuncu dəfə başımı yastığa köçkün kimi qoymuşam. İnşallah, bir də belə olmaz”.

Müəllim Eynulla Axundov isə hisslərini belə dilə gətirib: “Bu gün mənim sevincimin həddi-yoxdur. Mən müəlliməm, həmişə şagirdlərimə deyirəm ki, insan doğulub artır. Əgər dağılan kəndimiz, şəhərimiz varsa, o da yenidən bərpa oluna bilir. Lakin torpaq doğulmur, artmır çoxalmır”.

Gözün aydın, Laçın! Sən artıq azadsan!

Habil Aslanoğlu

Arzu Quliyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın