12:00 15 Oktyabr 2019 124
Ana səhifə Xəbərlər

Smartfonların orqanizmdə yaratdığı problemlər - REPORTAJ

Kitabdan çox telefon ekranlarına baxdığımız bir dövrdə texnoloji inkişafın problemləri sözün hər iki mənasında göz çıxardır. Həyatımızın ayrılmaz parçasına çevrilmiş planşet, smartfon və digər cihazların zərərini isə görməzdən gəlirik. Cihazın piksel keyfiyyəti, yaxud yaddaş özəlliklərini həvəslə öyrənsək də, radiasiya riskini hesaba qatmır, beləcə, müxtəlif xəstəliklərə yoluxuruq.

Bəs cihazlardakı radiasiya miqdarı bizə necə təsir edir? Yerli sakinlər telefon alarkən şüalanma dərəcəsini nəzərə alırmı?

- Əlbəttə. Kənarlaşdırmaq lazımdır, çox istifadə etmək olmaz. O cümlədən, elə övladlarıma da tövsiyyə edirəm ki, az istifadə etsinlər. Düzdü, müasirdi, amma çərçivə daxilində istifadə etmək lazımdır. Eşitmişəm ki, uşaq o qədər çox istifadə edib ki, gözündə tutulma olub.

- Yox, maraqlanmıram. Hansı xoşuma gəlir, onu alıram. Maraqlanmıram, ziyanı var. Nə mənada düşünmürəm, indiki dövrdə hər şey insanın sağlığına ziyandır, qaldı ki, telefon. Ziyanı var: beyinə var, gözə var, sümüklərə var. Amma məcburuq da. Onsuz olmaz.

- Məlumatım var, internetdən öyrənmişəm. Amma məcbur istifadə etməliyik. Şəxsən bu telefonun yox, amma ümumi bilirəm zərərlərini. Ürəyə ziyandır, uşaqların ətrafında olması ziyandı, əsas, köynək ciblərinə qoyulmağı ziyandı ürəyə görə, gözə ziyandır.

- İnsan gözünü zəiflədir, bədəni şüalandırır, inkişafın qarşısını alır. Telefonsuz həyatı təsəvvür etmək mümkün deyil axı. Var əslində. Müasir dövrümüzdə ona fikir verilmir, bu dəqiqə nə qədər zərəri çox olan telefonlarımız var, onlara qaçırlar, tələbat onadır.

Bəs görəsən, şüalanma dozası nə deməkdir və orqanizmə necə təsir edir?

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehtiyeva deyir ki, müasir telefonlar, smartfonlar insan orqanizmi üçün müəyyən qədər ziyanlıdır və zərər törədə bilir: “Radiasiya haqqında insanlarımız çox da maariflənmədiyindən istənilən şüalanmanı radioaktiv şüalanma kimi qəbul edirlər. Əslində telefonlarda radioaktiv şüalanma yoxdur”

Rəvan xanım bildirir ki, telefon və smartfonlardan ifrat istifadə orqanizmdə ciddi problemlərə səbəb ola bilər: “Yəni şüalanma dozası 0.025 greydən 10 greyə qədər çatınca insan orqanizmində müxtəlif problemlər yarada bilir. Bu, adətən baş ağrıları, yuxusuzluq, ürək bulanmaları, qusmalar, yəni, radiasiyanın həddindən asılı olaraq baş verə bilir. Əgər insan bir dəfəyə on qrey doza alarsa, bu ölümlə nəticələnə bilir.

İstifadə etdiyimiz cihazlar bizi mütəmadi radiasiya ilə təmasda saxlayır, bu isə təkcə öz seçimlərimizlə bağlı deyil, çünki ölkəyə daxil olan əksər modellər Avropa məhsullarıdır. Beləcə, sual yaranır ki, bu cihazların zərərlilik dərəcəsinə nəzarət edilirmi?

Rəvan Mehtiyevanı dinləyək: “Azərbaycanda FHN-in nəzdində Nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyi var. O, ölkədə buna nəzarət edir, istənilən müəssisədə, Azərbaycanda olan materiallar, nüvə materialları, radioaktiv mənbələr, hər kvartalda bir dəfə nəzarətdən keçirilir, xüsusi olaraq onların fiziki vəziyyəti haqqında məlumatlar hazırlanıb həmin agentliyə təqdim olunur”.

Mövzumuz insan beyni ilə birbaşa əlaqədar olduğundan məsələnin nevroloji tərəfləri ilə də maraqlandıq. Şüalanmanın sağlamlığımıza vurduğu zərərin sayagəlməzliyi barədə yayılmış fikirlərin doğruluq payını öyrənmək üçün nevropatoloq Nailə Ələkbərova görüşdük: “Bu telefonlarda bizə verdiyi, orqanizmimizə verdiyi zərər də müxtəlifdir. Hər telefonda eyni deyil. Qısaca yekun deyəcək olsam, yəni, telefonun ağıl dərəcəsi artdıqca, onu istifadə edən insanın ağıl dərəcəsi azalmağa başlayır”.

Heç demə, bu cihazlar təkcə yaddaş azlığına səbəb olmur, ortaya başqa problemlər də çıxarırmış: “Beyində həm orqanik dediyimiz, yəni müəyyən beyin xəstəliklərinin ortaya çıxmasına, eyni zamanda, ta uşaqlıq yaşlarından, gənclik, istər orta yaş olsun, bizim orqanik adlandırmadığımız müəyyən xəstəliklər var, onların da ortaya çıxmasına səbəb olur, Əsas beyin xəstəlikləri başda beyin şişləridir”.

Üstəlik, bənzər xəstəliklərin meydanaçıxma nisbəti də ildən-ilə artır. Bu isə ciddi narahatlıq yaratmaya bilməz: “Beyin şişlərinin bəzilərini ortaya çıxmasında bu mobil telefonların istifadəsinin artıq rolu elmi tədqiqatlarla təsdiqləndi və bundan sonrakı 15-20 ildə beyin şişlərinin daha çox olacağı ön proqnoz edildi”.

Zərərlər isə təkcə bununla da bitmir. Müxtəlif yaddaş pozğunluqları və digər xəstəliklərə səbəb olan cihazların radioaktiv təsiri körpələrimiz üçün əməlli-başlı çernobil hesab edilməlidir: “Yəni eyni dozada verilən eyni şüa növünə uşaqlar, xüsusən beş yaşına qədər olan uşaqlar on dəfə daha çox məruz qalır. Şüalanmanın təsirindən də həmin vaxt ortaya çıxa bilən koqnitiv funksiya dediyimiz uşaqların yaddaş, proqramlama, planlama kimi bəzi beyin funksiyalarının pozulması kimi yaxın gələcədəkdə də bəzi xəstəliklər, xüsusilə bu beyin şişlərinin ortaya çıxma ehtimalını artırmış olur”.

Telefon və digər elektron cihazlardan yalnız ehtiyac olduğu dərəcədə istifadənin zəruriliyini vurğulayan həkim xalq arasında mif kimi yayılmış maraqlı bir məsələyə də toxunub: “Bütün bitkilər, kaktus da daxil olmaqla ətrafdakı sadəcə elektromaqnit şüalarını deyil, digər şüaları da qəbul edirlər// Bunun xaricində kaktus da digər bitkilər və digər canlılar kimi elektromaqnit şüaları əmir - absorbe edir. Amma ətrafdakı elektromaqnit dalğalarını azaltmaq kimi, minimuma endirmək kimi xüsusiyyəti yoxdur”.

Əlbəttə, zaman keçdikcə bu cihazlara münasibət tərzinin dəyişməsinə biz də ümid edirik. Lakin hər şey gündəlik vərdişlərdən başlayır. Hətta nahar edərkən belə yemək əvəzi ekranlarına kilidləndiyimiz cihazlardan qorunmaq üçün isə yeganə çıxış yolu var: Sağlamlığımızı qorumağı vərdişə çevirmək.

Mirçingiz Ağazadə

Vətən Sadatlı

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın