15:19 27 Oktyabr 2020 151
Ana səhifə Xəbərlər

Siyavuş Novruzov: “Sarkozi deyəndə ki, Ermənistan bizim bacımızdır...”

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib. İlk olaraq “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə edilərək qəbul edilib.

Deputat Soltan Məmmədov Fransanın parlament nümayəndə heyətinin Ermənistana səfər etməsi ilə bağlı da məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, hər bir ölkənin parlament üzvünün istənilən digər ölkəyə səfər etməsi təbiidir. Lakin Fransalı həmkarlarımızın bu səfərinin müharibə getdiyi bir vaxta təsadüf etməsi, eyni zamanda, münaqişə tərəfi olan ölkələrdən yalnız birinin səfər proqramına daxil edilməsi təşəbbüsün xoşməramlı olduğuna haqlı şübhələr yaradır. Bu cür səfərlər Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın danışıqlar prosesində neytral mövqedən çıxış edəcəyinə inamı artırmır, əksinə mövcud narahatlıqları daha da dərinləşdirir.

Deputat Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi, bunu fransalı həmkarlarının diqqətinə çatdırdığını bildirib.

Deputat Siyavuş Novruzov da dünyanı nizama salmalı olan beynəlxalq təşkilatların tutduğu ədalətsiz mövqeyi tənqid edib:

“Fransanın keçmiş prezidenti Sarkozi deyəndə ki, Ermənistan bizim bacımızdır, ATƏT-in Minsk Qrupunun üzvü kimi onlardan nə gözləyə bilərik?! Fransa heç olmasa, indi bu məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısına məsləhət versin”.

Son günlər Azərbaycan cəmiyyətində əsas məsələ birlik modelinin inkişaf etdirilməsi olduğunu deyən deputat Fazil Mustafa isə hesab edir ki, bu model Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Çünki bu gün Azərbaycanda bütün siyasi qüvvələr dövlətin vahid siyasəti ətrafında birləşib. Ordumuz qələbələr qazanır.

Lakin koronavirus təhlükəsi də davam edir, Azərbaycan cəmiyyətində heç kim arxayınlaşmamalıdır. Koronavirus təhlükəsi artmaqdadır. Bu təhlükəyə görə biz Orduya dəstək vermək səylərimizi azalda bilərik.

Operativ Qərargahın bununla bağlı təcili tədbirlər görməli olduğunu deyən deputat xüsusilə bölgələrdə yoluxma hallarının artmasının narahatlıq yaratdığını bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın