14:12 12 Mart 2020 246
Ana səhifə Xəbərlər

Sənaye şəhərində arıçılıqla məşğul olan məcburi köçkün - REPORTAJ

Qubadlı rayonundan məcburi köçkün Xosrov Haqverdiyev heç də hər hansı bir iqlimi gözəl rayonda deyil, sənaye şəhəri olan Sumqayıtda arı saxlayır.

APA TV xəbər verir ki, Sumqayıtın Novxanı bağlar massivində arı təsərrüfatı ilə məşğul olan qəhrəmanımız deyir ki, dədə-babadan bu işlə məşğul olublar. Gəliri də pis deyil: “Rayonda olanda da dədə-babadan bu işlə məşğul olmuşuq. Bu sahəni bildiyimiz üçün bu işlə məşğul olmuşuq. Bu həm gəlirli sahədir, həm də çox əziyyət tələb etməyən sahədir. Bu dəqiqə demək olar ki, arının qışdan çıxan vaxtıdır, arılarımız da qışdan yaxşı çıxıb. Arılarımızın qışdan yaxşı çıxması ondan xəbər verir ki, yaxşı məhsul götürəcəyik”.

Sumqayıtda arı saxladığını eşidəndə hamının çox təəccübləndiyini deyən müsahibimiz qış vaxtı arıları şəhərdə saxlamağın daha asan olduğunu bildirir. Yazda isə hər bir arıçı kimi o da arıları gül-çiçək bol olan dağlara aparır: “Mən Sumqayıt şəhərində məskunlaşdığım üçün mənə sərf edir arını Sumqayıt şəhərində qışlamağa qoymaq. Çox adam deyir ki, bu Sumqayıt şəhərində nə var axı arını burda saxlayırsan. Amma qışda burda qışlama üçün Sumqayıt çox gözəl yerdir. Yəni evimin içidir, yaxın yerdir, gəlirəm baxıram kefim istəyəndə, günün istənilən saatında gəlib baxıram. Amma yazın gül-çiçək açan vaxtı biz arılarımızı maşınlarla yaylağa köçürürük”.

Arıçılığı inkişaf etdirmək məqsədi ilə fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə, 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiyanın verilməsi Xosrov Haqverdiyevə də stimul verib. Onun sözlərinə görə, verilən subsidiya bu sahədə müəyyən problemlərin həllini, eləcə də balın maya dəyərinin aşağı düşməsinə şərait yaradır: “Dövlətin bizə verdiyi hər arı ailəsinə görə subsidiya, arıçıları da daha yaxşı ruhlandırır ki, bunları yaylaqlara aparmaq, müəyyən dərman preparatları ilə təchiz eləməkdə bizə çox böyük yardımçı olur”.

Qeyd edək ki, 2018-ci ildə Türk İşbirliyi Koordinasiya Agentliyinin dəstəyi ilə Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində “Bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsi” fəaliyyətə başlayıb. Respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan sahibkarlar məhsullarını bu müəssisəyə təhvil verir və buradan da “Qarabağlı” markası altında “ABAD”-ın vasitəsilə satışını həyata keçirirlər. İllik istehsal gücü 20 ton olan müəssisənin istifadəyə verilməsi ilə illərdir arıçıların qarşılaşdığı qablaşdırma problemi də həll edilib.

Bal və bal məhsullarının qablaşdırılması və arı yemi istehsalı müəssisəsinin nümayəndəsi Orxan Şahsuvarlı deyir ki, müəssisədə respublika arıçılarının balının qablaşdırılması üçün avadanlıqlar mövcuddur: “Burada istənilən bir arıçı öz balını gətirib qablaşdırılmasını həyata keçirə bilər. Bizim müəssisə “Qarabağlı” markası ilə üzv arıçıların balının qablaşdırılmasını və onun satışını həyata keçirir. Satışda partnyorumuz “ABAD”dır. Müəssisəmizdə digər bir arıçılar üçün gözəl imkan yaradılıb. Bu arının qış yemi “Candy” istehsalıdır. Burda arıçılar öz ballarını gətirərək müəssisədə olan avadanlıqlardan istifadə edərək “Candy” hazırlayır. Nəticədə həmin o arı yeminin qiyməti aşağı düşür və xaricdən gəlmə ballarla əvvəllər hazırlandığına görə xaricdən gəlmə xəstəliklər də gətirilirdi, bunun qarşısı alınıb”.

Kənd təsərrüfatının digər sahələri kimi arıçılıqda dövlət qayğısı ilə əhatə edilib, bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən, subsidiyalar, güzəştli kreditlər verilir, arı məhsullarının satışı və qablaşdırılması üçün əlverişli şərait yaradılır. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın