10:40 13 Yanvar 2021 99
Ana səhifə Xəbərlər

Şəhid Ramiq Mikayılovun son sözü: “Ana, haqqını halal elə!"

Qarabağ... Neçə oğullar bu ulu, şan-şöhrətli ad uğrunda canından keçdi. Ana dediyimiz Vətənimiz azad olsun deyə! Namusumuz, qeyrətimiz yağı tapdağı altında qalmasın deyə!

APA TV-nin xəbərinə görə, 44 günlük savaşın qəhrəmanlarından idi zabit Ramiq Mikayılov.

Peşə yiyəsi olmaq üçün yox, xalqı üçün seçmişdi bu sənəti. Ağır, çətin və şərəfli sınaqlardan keçərək üç ulduz düzmüşdü çiyinləri üstünə. Gənc qəlbində böyük Vətən sevgisi daşıyan Ramiq Mikayılov neçə il idi ki, Qarabağda döyüşlərin başlamasını gözləyirdi. Şəhidin həyat yoldaşı Könül Mikayılova deyir ki, Ramiq müharibənin başlamasını və illərdən bəri köksümüzü dağlayan həsrətin başa çatmasını istəyirdi: "Yoldaşımla sentyabrın 30-da telefonla danışdım. O, müharibənin başlamasına görə çox sevinirdi. Danışanda dedi ki, hər şey yaxşıdır, narahat olmayın, əla olacaq. Sonra balaca oğlu ilə danışdı. Mən bir ömür boyu qürurla deyəcəm ki, şəhid qadınıyam. Hər qadın bu şərəfə nail olmur. Yoldaşım arzusuna çatdı. Mən həmişə şəhid qadınlarına baxıb ağlayanda, yoldaşım deyirdi ki, ağlama, qardaşlarımız şəhidlik zirvəsinə ucalıb. Hər kəsə qismət olmur şəhidlik. Mən yoldaşımı tanıdığım ilk gündən onun Vətənə bağlılığını, sevgisini görürdüm. O, işinə çox bağlı idi. Ona üç gün məzuniyyət verdilər, o bir gün evdə qaldı, sonra cəbhəyə geri qayıtdı".

Sentyabrın 30-da ailəsi və övladı ilə danışanda sanki şəhid olacağını hiss edirmiş kimi, övladını həyat yoldaşına əmanət edib və özlərinə yaxşı baxmalarını tapşırıb. Elə həmin günün axşamı Mikayılovlar ailəsi Ramiqin şəhid olması xəbərini alıb: "Ramiqin oğlu hərbçi papağını başına qoyub atasına deyirdi ki, ata, mən də böyüyəndə sənin kimi zabit olacam. Atası çox sevinirdi. Ramiq həmişə mənə deyirdi ki, Könül, öncə Vətən, sonra ailə. O, hərbçi kimi deyirdi ki, bizə dövlət havayı maaş verir. Çünki biz torpaqlarımızı işğaldan geri almamışıq. Gərək biz birinci torpağımızı azad edək, sonra maaşımızı halallıqla alaq. Mən ona deyəndə ki, müharibədə özünü qoru, o deyirdi ki, hər şey ola bilər. Mən şəhid olsam, düşün ki, sən tək deyilsən, neçə şəhid qadını var, başına qara bağlayıb. Mən həyat yoldaşımın adı ilə, özü ilə qürur duyuram. O, hörməti ilə, şərəfi ilə ucaldı, əbədi cənnətə qovuşdu, arzusuna yetişdi. Şəhidlik hər kəsə qismət olmur. Xocavənd istiqamətində şəhid olub".

Şamaxının Ovçulu kəndindən olan Ramiq Mikayılov 6 il Ağdamda, təmas xəttində düşmənlə üz-üzə hərbi xidmətdə olub. Anası Gülgəz xanım deyir ki, oğlu elə müharibə başlayanda da ön cəbhədə, qızğın döyüşlərin ağuşunda idi: "Oğlum Vətəninə, ailəsinə bağlı, valideynlərinə dəyər verən oğul idi. O, uşaq vaxtı küçədə hərbçiləri görəndə böyüyəndə hərbçi olacağını deyib. O, daim düşmənlə üzbəüz xidmət edib. Ramiq kəndimizdən hərbi liseydə birinci oxuyacağını və döyüşdə kəndimizdən birinci şəhid olacağını deyirdi. Elə də oldu. Ayın 28-də danışdım onunla, dedim, yalvardım özünü qoru. Dedi, ana, Qarabağ bizimdir, biz düşməni məğlub edəcəyik. Mən balamla fəxr edirəm. O, sonuncu dəfə danışanda mənə dedi, ana, haqqını halal elə".

Atası Ramil kişi də oğlu ilə fəxr edir: ”Ata kimi oğlumla fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə şəfa diləyirəm. Ali Baş Komandana təşəkkür edirəm. Ali Baş Komandanın əmri ilə torpaqlar alındı. Biz şəhid ailələri bu torpağın üstündə rahat gəzə bilərik".

“Şəhidlər ölməz” deyirik. Onlar gedərkən mütləq bir xatirə, bir nişanə qoyub gedərlər. Ramiqdən də bir azyaşlı oğul övladı əmanət qaldı.

Qeyd edək ki, baş leytenant Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şahnəzər Bəşirov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın