14:01 04 Aprel 2021 128
Ana səhifə Xəbərlər

Şəhid olarsa bayrağı dalğalandırmaq üçün yer göstərdi - REPORTAJ

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Əskərov Xəqani Səfa oğlu 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində doğulub.

APA TV xəbər verir ki, kiçik çavuş Xəqani Əskərov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.

Ürəyi Vətən sevgisi ilə döyünən döyüşçü müharibənin ilk günlərindən silaha sarılaraq düşmən üzərinə atılıb. Cəbrayıl və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub.

Şəhidin anası Lalə Əskərova oğlunun hərbi sahəyə sevərək getdiyini deyir: ”Deyirdi, ana, mənim yolum budur. Yayda məni görməyə gəlmişdi. Komandanlıq əmr versə, döyüşə ilk qatılanlardan olacağını deyirdi. Vətənpərvər idi. Xəqani hər il Xocalı soyqırımının ildönümündə çox pis olurdu. Son söhbətimizdə mənə dedi ki, şəhid anası olacaqsan. Elə söyləmə dedim. Pis olma, ən qürurlu addır dedi. Şəhid olacağı halda onun şərəfinə bayrağımızı dalğalandırmaq üçün yeri də göstərdi. İndi həmin yerdə üçrəngli bayrağımız ucalır. Tabutunun üstündə də arzusunu yerinə yetirdim. Vətən sağ olsun dedim”.

Şəhidin müəllimi Yaqut Mənsirova onu çalışqan, tərbiyəli bir şagird kimi xatırlayır: “Xəqaninin müəllimi olmuşam. İndi onun haqqında danışmaq mənə çox çətindir. Mən ona 5-ci sinifdən dərs deyirəm, amma onu əvvəldən də tanıyırdım. Mənim qızımla bir yerdə oxuyublar. Bacısının əlindən tutub məktəbə gəlirdi. Biz çox təəccüblənirdik ki, bu yaşda uşaq özündən böyük bacısının qeydinə qalır. Sonra böyüyüb sinfin, məktəbin qeydinə qalırdı. Heç kim ondan inciməyib, bütün müəllimləri onu çox istəyirdi”.

Xudat şəhərində yaşayan Xəqani Əskərov ailəli idi. İndi onun iki qız övladı yadigar qalıb.

Şəhidin anası sözlərinə görə, Xəqani qızlarının böyüyəndə hərbi həkim olmasını arzulayıb. Onlar üçün hərbi forma da tikdirib.

Şəhidin atası Səfa Əskərov isə oğlu ilə qürur duyduğunu deyir: “Oğlum şərəflə döyüşdü. İki medalla təltif olundu. Döyüş yoldaşları onun qəhrəmanlığı haqqında ağızdolusu danışırlar. Oğlum döyüş maşınında nişançı olub. Füzuli istiqamətində gedən döyüşdə onların maşınını raketlə vurublar. Xəqani şəhidlik zirvəsinə ucalıb. İndi onun Aylin və Ahu adında iki balaca qızı Vətənə əmanət qalıb. Mən oğlumla fəxr edirəm. Adətən oğulları atalarına görə tanıyırlar. Bu filankəsin oğludur deyirlər. Məni isə bütün Azərbaycan şəhid balama görə tanıyır”.

Şəhidin əmisi Sahib Əskərov onu belə xatırlayır: “Çox mehriban, ünsiyyətcil uşaq idi, kollektivin hörmətin qazana bilirdi. Evin kiçik uşağı idi. İki bacısı var idi. Əsgərliyi bitirdən sonra öz istəyi ilə hərbi xidmətə yollandı. Biz şəhidlərin hesabına firavan yaşayırıq”.

Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalan Xəqani Əskərov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Vəli Turan,

Mais Allahverdiyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın