04:47 15 İyul 2020 629
Ana səhifə Xəbərlər

Şəhid olan hərbiçilərimiz son mənzilə yola salınıb

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan həmvətənlərimiz torpağa tapşırılıb.

APA TV xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elçin Arif oğlu Mustafayev doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.

Qazax rayonundan olan şəhidimiz mayor Əhmədov Namiq Hajan oğlunun nəşi doğulub boya başa çatdığı Yuxarı Salahlı kəndindən izdihamla qarşılanıb. Şəhid həmin kənddə dəfn olunub. Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər.

Milli ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Masallıda dəfn edilib. Şəhidin nəşi bu gün axşam saatlarında doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib.

“Onun çoxdankı arzusu idi ki, cəbhədə, ön xətdə şəhid olsun. O, bu gün arzusuna qovuşdu. Evə gəlmirdi, deyirdi ki, torpaqları almayana qədər mən evdə rahat qala bilmərəm..... Başımız sağolsun, vətənimiz sağolsun. Mən bu gün görürəm ki, o tək mənim qardaşım yox, bütün kəndimizin, obamızın qardaşıdır”.

Dəfn mərasimində rayon icra hakimiyyəti əməkdaşları, millət vəkilləri, ictimaiyyət nümayəndələri, hərbçilər və şəhidin yaxınları iştirak edib. Şəhid zabitimiz Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Anar Novruzov 1976-cı ildə Masallı rayonun Ərkivan qəsəbəsində anadan olub. O, ölkəmizin qaynar nöqtələrində kəşfiyyatçı kimi hərbi fəaliyyətdə olub. Şəhidin 2 övladı var. Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın