11:15 03 Dekabr 2020 189
Ana səhifə Xəbərlər

Şəhid mayorun həyat yoldaşı: “Mənə demişdi ki, 35 yaşında şəhid olacam”

Vətən Müharibəsində qəhrəmanlıq göstərərək adını tarixə yazdıranlardan biri də şəhid mayor Ramil Ağayevdir.

APA TV-nin xəbərinə görə, Ramil Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə isə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə yüksəlib.

Anası Şərafət Ağayeva gözlərindəki kədəri gizlətməyi bacarmasa da, oğlunun qəhrəmanlığından məğrurluqla danışır: “Gəldim, gördüm bayraq asılıb. Yoldaşı bayraq asıb. Dedi, narahat olma, oğlun dedi ki, inşallah qələbə bizimlədir. Bayrağı asın balkondan, qabağa gedirik, qələbə bizdədir”.

Ramil Ağayev döyüşlərdə düşmənə məxsus 12 tankı və digər texnikaları şəxsən özü ələ keçirib. Döyüş meydanında düşmənin canına vəlvələ salan Ramilin qəhrəmanlığından indi hər kəs qürur hissi ilə danışır. 18 illik hərbçi karyerası ərzində qüsursuz xidmət edən mayor Ramil Ağayevin "Şəhidlər ölmür, ölməyənə ağlamazlar", - deyən həyat yoldaşı Sevil Ağayeva müharibə başlayandan hər şeyə hazır olduğunu bildirir. Hazırda 2 qız övladı böyüdən ana şəhid yoldaşı ilə qürur duyur. Deyir ki, 36 yaşını dekabrda qeyd etməyə hazırlaşan Ramil elə şəhid olmaq üçün doğulmuşdu: “Gözəl ata, məsuliyyətli ailə başçısı, vətənpərvər oğul, dövlətini, millətini sevən insan idi. 15 illik evlilik həyatımda Ramil mənə dəfələrlə demişdi ki, mən 35 yaşında şəhid olacam. Şəhidliyi də özünə çox arzulayırdı, çox”.

Bu ada layiq olduğunu Ramil əvvəllər də dəfələrlə nümayiş etdirib. Qohumu Ramiz Ağayev deyir ki, xidmət etdiyi hərbi hissədə diviziyanın qərargah rəisi olan qəhrəmanımız 2016-cı ilin Aprel döyüşlərində böyük şücaət göstərib və bir sıra mükafatlara layiq görülüb: “Onun həmişə fikri, beyni, düşüncəsi vətən torpaqlarında olub. Biz hamımız Ramillə fəxr edirik. Bizim qədirbilən xalqımız onu heç vaxt unutmayacaq”.

Övladları da ataları ilə hər zaman fəxr etdiklərini deyirlər. Atalarının qisasının yerdə qalmaması isə onlar üçün təsəlli qaynağıdır.

Mayor Ramil Ağayev öz vəsiyyəti ilə doğulub boya-başa çatdığı Lerik rayonunda dəfn edilib.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın