11:22 13 Fevral 2020 1285
Ana səhifə Xəbərlər

Satıcı ucuzluqdan, alıcı bahalıqdan gileylənir - BƏRDƏNİN MAL BAZARINDAN REPORTAJ

Mal bazarlarındakı qiymətlər nə alıcıların ürəyincədir, nə də satıcıların. Satıcılar yaranan bahalıq səbəbindən alıcılıq qabiliyyətinin aşağı olmasından narazıdır, alıcılar isə qiymətlərin çox baha olmasından şikayət edir. Bununla belə, mal bazarlarında iri və xırdabuynuzlu heyvanların bolluğu müşahidə olunur.

Bərdədə yerləşən mal bazarı ölkənin ən iri mal bazarından biri, bəlkə də elə birincisidir. Bazarda alver cümə axşamı gecə saatlarından başlayır və növbəti gün günorta saatlarınadək davam edir.

Bazara çıxarılan heyvanlar Bərdə ilə yanaşı, Ağdam, Ağcabədi, Yevlax Tərtər və bir çox rayonlardan gətirilir. Satıcılar Bərdə və ətraf rayonlardan gəlir. Çəkdikləri zəhmətin müqabilində heyvanlarını istədikləri qiymətə sata bilməmələrindən şikayət edirlər: “Qardaş, vallah, 1350-1400 manat əziyyət çəkib saxlamışıq, amma bu qiyməti vermirlər. Nə alan var, nə satan”.

Satıcı Rövşən Əliyev deyir ki, malın satış qiyməti onun yeminə çəkilən xərci və əziyyəti ödəmir: “Qiymət aşağıdır, qardaş. Yoncanın bir ədəd kipi 5 manatdır, kəpəyin tayını 7 manata qaldırıblar. Beləliklə də, malı kökəldib satmaq çətinləşir. Yəni oradan bizə çörək qalmaq söhbəti yoxdur. Yalandan gəlib-gedirik bazara. Arıq malı alıb bordağa bağlamağa Balakən Gürcüstan tərəfdən gətirirlər. Alırıq, sata bilmirik, hamısı qalıb burda. Yem hədsiz bahadır”.

Bazara balalı inəklər, balalı qoyun və keçilər, eyni zamanda ətlik iri və xırda buynuzlu heyvanlar çıxarılır. Lap körpə buzovlar da almaq olar. Sağmal inəklər 1500 manatdan başlayır, 4000 min manatadək davam edir. 5-10 günlük körpə buzovlar isə 300 manatdan başlayır. Bazarda tələbat ən çox ətlik heyvanlaradır.

Uzaq şəhərlərə mal alıb aparmaq istəyənlər daha çox təlaş içindədir. Vaxt itirmədən nəzərdə tutduqları heyvanı alıb bazardan çıxmalıdırlar. Çünki növbəti gün paytaxt və paytaxt ətrafı rayonlarda kəsərək satacaqlar. Amma onlar da istədikləri qiymətə heyvan ala bilmirlər: “Satanlar deyir ucuzluqdur, amma dananın 70 kq əti var, 1650 manat verirəm, vermir. Çox bahalıqdır, ona görə də ət bahadır. Ot, yem bahadır deyə malı da baha deyirlər. Biz alıb Sahil qəsəbəsində kəsirik. 1 kq əti 10 manat 50 qəpiyə veririk”.

Alıcı Saday Əliyev də mal-qaranın qiymətinin bahalığından şikayətlənir. “Mal aldım. Vallah, baha düşür, bazar bahaçılıqdır. 60 manat bahasına aldım. Allah ona da xeyir versin, mənə də”.

Heyvan sahibləri qiymətin baha olmasının səbəbini heyvan yemlərinin baha olmasında görürlər. İlboyu heyvanların yemlənməsinə isə xeyli vəsait xərcləndiyini deyirlər: “Kəpək qalxıb 6 manat 80 qəpik - 7 manata, 45-47 qəpik də arpa. Ot bağlaması da 5-6 manat olub”.

Qeyd edək ki, həftədə bir dəfə təşkil olunan bazara əsasən Bakı və digər böyük şəhərlərdən heyvan alverçiləri və qəssablar gəlir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın