18:15 05 Avqust 2020 322
Ana səhifə Xəbərlər

Samir Şərifov: “Azərbaycanda vəziyyət bir qədər yaxşıdır”

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib.

APA TV-nin məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasını açıq elan edib.

İclas dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).

İclasın əvvəlində spiker Sahibə Qafarovanın təklifi ilə iyul ayında cəbhədə şəhid olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Deputatlar ötən gün vəfat edən həmkarları, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun da xatirəsini anıblar.

Müzakirələrə keçməzdən əvvəl Milli Məclisin sədri bildirib ki, koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirləri, dünya bazarında neftin qiymətlərinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib. Bununla əlaqədar Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi ilə bağlı tapşırıq verib.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu ilin mart ayından başlayaraq ölkədə tətbiq edilən karantin rejimi iqtisadiyyatın əksər sahələrinin zəifləməsinə səbəb olub. Neft gəlirlərinin azalması isə büdcə gəlirlərində tarazlığın pozulması təhlükəsi yaradır: “Buna görə də 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbat ortaya çıxıb. Gəlirlərin azalması, xərclərin artması ilə əlaqədar gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədilə büdcə qaydasının 2022-ci yanvarın 1-dək dayandırılması qərara alınıb”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət ölkədə lazımi həcmdə ehtiyatın yaradılmasını təmin edib. “Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır” deyən nazir bildirib ki, 2019-cu ildə büdcə qaydasının tətbiqi uğurlu icra olunub: “Pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcək. Sizi buna əmin edirəm”.

İclasda DSMF-nin gəlir və xərcləri azaldılması məsələsinə də diqqət çəkilib. Bildirilib ki, məsələ “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilməsi təklif edilir.

Dəyişikliklərlə bağlı məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, 2020-ci ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib. Həmçinin fondun əməkdaşlıq etdiyi əsas bankların siyahısına da dəyişiklik edilib və onlara ödənilən vəsait 900 min manat azaldılıb: “Aktual hesablamalara əsasən, müəyyən edilib ki, saxta işlər üzrə ödəmələr davam etdirilsəydi, Dövlət Sosial Müdafiə Fondu 735 milyon manat ödəmələr etməli olacaqdı. Eyni zamanda son 2 ildə məhkəmələrdə fondun əleyhinə qəbul edilən qərarlarda 87% azalma var. Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manatlıq ehtiyat fondu formalaşdırılıb. Layihədə fondun ehtiyatı olan 197 milyon manat vəsait fondun gəliri kimi götürülür. Ötən il fond tərəfindən 300 milyon manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb”.

İclas müzakirələrlə davam edib.

SEVİNC VAQİFQIZI

FAİQ HƏSƏNOV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın