16:34 18 Yanvar 2020 1423
Ana səhifə Xəbərlər

Şala bürünmüş spiker: bir bəyanatın tarixçəsi – İLK DƏFƏ APA TV-DƏ

Biz o gecədən 30 illik tarix ayırır. Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur o gecənin adı tariximizdə. Bu hadisənin səbəbləri və mahiyyəti əslində hər kəsə bəllidir, elə ona görə də biz bu dəfə bir bəyanatın tarixçəsindən söhbət açacağıq. Şahidlərin dilindən 30 il əvvəlki gerçəkləri eşidəcəyik…

Nazilə Abbaslı Azərbaycan Dillər Universitetinin ingilis-alman dili fakültəsinin məzunudur, ingilis və ərəb dillərində mükəmməl danışır. İxtisasca həm də jurnalistdir. Azərbaycan radiosunun xarici verilişlər şöbəsində İran və Güney Azərbaycan üçün hazırlanan verilişlərin redaktoru olub, baş redaktorun müavini vəzifəsinədək yüksəlib. Ürəyi müstəqillik arzuları ilə çırpınan hər bir Azərbaycanlı kimi 1988-ci ildən azadlıq mücadiləsinin fəal iştirakçısı kimi meydanlarda olub.

Heç ağlına belə gəlməzmiş ki, ömrünün 13 ilini bağladığı doğma radionun efirindən bir gün Güney Azərbaycan üçün hazırlanan proqramların mətnini yox, xalqımızın başına gətirilən faciənin detallarını özünə əks etdirəcək bəyanatı səsləndirəcək.

Nazilə xanım deyir ki, gecəni meydanlarda ocaq başında keçirib, ertəsi günü hiss qoxan paltarları ilə işə gedərmiş. Günlərlə evdə gecələmədiyini deyən həmsöhbətimizin sözlərinə görə, dəfələrlə cəzalandırılsa da, xəbərdarlıq edilsə də, yolundan dönməyib: “Mənə olmazdı ora getmək, çünki radionun xarici verilişlər redaksiyasında çalışırdım. Baş redaktorumuz məni cəzalandırdı, sözümdən dönməyəcəyimi dedim. Hər kəsdən əvvəl mən gedib partiya biletimi təslim etdim və yazdığım ərizədə də bu cümlələri heç unutmadım. Yazdım ki, hər il sizə ödədiyimiz partiya biletinin pulu ilə siz bizə qıydınız, oğullarımızı şəhid etdiniz. O pula siz mərmi alıb övladlarımıza qıydınız”.

Partiya biletini təhvil verdikdən sonra da ciddi xəbərdarlıqlar alan Nazilə Abbaslını yolundan heç kəs döndərə bilmir. Azadlıq mücadiləsi üçün işdən sonra meydana gəlir, mitinqlərin fəal iştirakçısı olur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladılır: “İşə çatdım səhər, polis və mühafizə niyə gəldiyimi soruşdu. Dedilər ki, gecə enerji bloku partladılıb, heç nə işləmir. Əlim-ayağım əsdi. İçəri keçəyə qoymadılar, dedilər, içəri rus əsgərlərlə doludur. Yuxarı qalxdım, qorxu basdı məni, əsgərlər mərtəbə-mərtəbə əli silahlı gəzirdilər. Saat birə qədər tək oturdum, qorxu içərisində. Daha sonra yavaş-yavaş digər diktorlar da işə gəldi. Oturub fikirləşdik ki, görək nə hazırlayaq”.

Təxminən 60-a yaxın qadınla birlikdə həmin gün Ali Sovetin önünə yollanır. Onlara yalnız 5 nəfərdən ibarət heyətlə görüş olacağı bildirilir. Beləliklə, görüş baş tutur. Amma bu görüş heç bir qaranlıq məqamı aydınlaşdırmır. Qadınlar israrla Ali Sovetin qarşısında dayanmaqda davam edir.

Ali Sovetin sədri Elmira Qafarova isə o zaman ev dustağı olduğundan, köməkçisi Balaş Abbaszadə qadınların qarşısına çıxır, onları sakitləşdirməyə çalışır: “O anda kiçik bir avtomobil yaxınlaşdı. Dövlət nömrəsi olmadığından, o qədər də diqqət çəkmirdi. Avtomobildən qara şala bürünmüş bir qadın çıxdı, insanlar onun üzərinə yürüdü. Elə bil qadını parçalayacaqdılar. Nə gənclər, nə də əsgərlər önünü kəsə bilmədi. Mən ayaq altda qaldım. Köməyə polislər gəldi. O anda Balaş Abbaszadə mənə dedi ki, Nazilə xanım, siz burda durun. Bildirdi ki, yenidən beş nəfərlə görüş keçiriləcək. Mən daxil beş nəfər (biri kişi olmaqla) içəri girdik. Sonra öyrəndik ki, o, hüquqşünas imiş. O an bəlkə də həyatımın ən həyəcanlı anı kimi yaddaşımda qalıb. Elmira xanım hüzn içərisində idi, yumağa dönmüşdü”.

Nazilə Abbaslı deyir ki, qadınlardan biri Elmira Qafarovanın ünvanına ağır sözlər işlədir: “Sənin övladın yoxdurmu? Sən insan deyilsənmiş... kimi ifadələr. Göyün üzü qan ağlayır, siz niyə rus əsgərlərinin Bakıya girməsinə icazə vermisiniz? Çünki imzanı Ali Sovet vermişdi. O isə cavabında “mən onların tələbinə qarşı çıxdım. İndi ev dustağıyam, heç bilmirəm məni nələr gözləyir” dedi. İndi nə edəcəyimizi düşünməliydik”.

Balaş Abbaszadə qəbula gələn qadınları yola salıb, Nazilə Abbaslını saxlayır. Nazilə xanım deyir ki, o dövrdə Elmira Qafarovanın köməkçisi olmuş pedaqoji elmlər doktoru Balaş Abbaszadə onun yaxın dostu, sözün əsl mənasında mənəvi qardaşı olub: “Balaş müəllimə dedim ki, Elmira Qafarova radioya çıxacaq, bir bəyanatın olması gərəklidir. O, “Nazilə xanım, biz bəyanatı hazırlayırıq, bəs bunu radiodan necə səsləndirəcəyik?” Axı televiziyanın enerji bloku da partladılmışdı. Mən isə cavabımda “o işi özüm həll edəcəm” dedim”.

Beləliklə, Ali Sovetdə 20 Yanvar gecəsi Ali Sovet sədrinin bəyanatı hazırlanır. Nazilə Abbaslı isə vaxtdan istifadən edərək, radioda bəyanatın səsləndirilməsi üçün o zaman televiziyanın mühafizə komandiri vəzifəsini icra edən Aleksandr İvanoviç Ovçinnikovla görüşə gedir. Özünü radionun diktoru kimi yox, məhz Ali Sovet sədrinin köməkçisi kimi təqdim etməyə məcbur qalır.

Bəyanat Azərbaycan dilində Şahin Əliyev, Teymur Teymurov, Nizami Sadıxov, Cahangir Nəcəfov, İsmayıl Vəliyev kimi ziyalılar tərəfindən hazırlanır. Bəyanatın müəlliflərinin adını Nazilə xanıma Balaş Abbaszadə verir.

Elmira Qafarova Azərbaycan dilində yaxşı danışa bilmədiyindən, bəyanatın mətnini bir neçə dəfə məşq etməli olur. Balaş Abbaszadə ilə Nazilə xanım çox böyük çətinliklə Elmira xanımı Ali Sovetin binasından radioya gətirə bilir: “Radionun efirində Elmira xanımın yanında oturduq. Balaş Abbaszadə rusca elan edəcəkdi, mən isə azərbaycanca. Bəyanatı isə Elmira Qafarova özü oxumalıydı. “Diqqət Diqqət! Danışır Azərbaycan Radiosu! Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanın bəyanatı!” Elmira xanıma canlı yayın olduğunu söyləmədik ki, həyəcanlanmasın. Əli-ayağı əsirdi. Dua edirdim ki, səhvsiz oxusun. Önümüzdə əli silahlı 4-5 əsgər dayanmışdı. Dedik ki, önümüzə baxmadan səsləndirək. Beləcə, qorxu-həyəcan altında efirdən ayrıldıq, Elmira xanım onlardan rusca soruşdu “necəydi, yoldaşlar?” Onlar isə “siz özünüz bilirsiz necə oldu” dedilər”.

Beləliklə, dünya informasiya blokadasına alınmış Azərbaycanda nələr baş verdiyini ən yüksək rütbəli şəxsin dilindən eşidir. O gecənin şahidlərindən biri, mərhum Balaş Abbaszadənin oğlu Gündüz Abbaszadə danışır: “Atam o, hadisələrlə bağlı çox danışan deyildi. Dostlarından daha çox eşitdiklərim var. Şakir Yaqubov tez-tez atamla bağlı xatirələrini danışır. Mən həmin gecəni yaxşı xatırlayıram. 10 yaşım vardı. Yasamalda dağlı məhəlləsində yaşayırdıq. Dedi, mən işə getməliyəm. Rəhmətlik nənəm qarşısını kəsib dedi ki, Balaş, gərək mənim meyitimin üstündən keçib gedəsən. Dedi, ana yox. Bu gecə elə gecədir ki, mən mütləq getməliyəm. Maşın axtardı. Sürücüsünə dedi ki, səninlə gedə bilmərik, diqqət çəkər. Üzbəüz qonşumuz məşhur meyxanaçı Ələkbər Yasamallının atası, mərhum Akif kişinin “Jiquli”si vardı. Onu çağırdı. Dedi, məni apararsanmı, o da razılaşdı”.

Gündüz Abbaszadə atasının elə həmin gecə evdən ayrıldığını deyir: “Həmin gecəni səhəri səhər qədər evdə heç kim yatmadı. Səhərə yaxın gəlib bəyanatı hazırladıqlarını danışdı. Uşaq kimi sevinirdi. İndi də danışanda o hissləri keçirirəm. Dedi ki, qətliamı törədənlərə sillə kimi cavab hazırladıq. Həmin gecə televiziya işləmirdi, bir çoxları düşünürdü ki, radio da işləmir. İndiyə qədər o ifadə qulağımdadır, Nazilə bibinin “Diqqət! Diqqət! Siz Ali Sovetin sədri Elmira Qafarovanın bəyanatını dinləyəcəksiniz” ifadəsi. Səhər yuxudan oyananda Akif əminin avtomobilinin təkərlərinin partladığını, maşında güllə izlərini gördük. O, maşını diskin üzərində idarə etmişdi”.

Bu, Azərbaycanın son 30 illik tarixində özünəməxsus yeri olan bir sənədin tarixçəsi idi. O qanlı gecədən başlayan yol isə Azərbaycanı müstəqilliyə aparırdı...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın