19:30 13 Fevral 2020 492
Ana səhifə Xəbərlər

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

APA TV-nin verdiyi məlumata görə, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2012-ci ildən keçirilən "Sabahın alimləri” Respublika Müsabiqəsinə dair videoçarx nümayiş olunub.

Çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, sayca doqquzuncu dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Təhsil naziri qalibləri təbrik edib, hər birinə ölkəmizdə elmin və təhsilin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib: “Ən maraqlı, ən qeyri-standart və yeni yanaşmalar ortaya qoyan layihələr və onu təqdim edən şagirdlər dünyanın ən mötəbər elmi yarışmalarından biri olan İSEF elmi-mühəndislik yarışına hüquq qazanırlar. Qeyd olunduğu kimi, artıq Azərbaycan məktəbləri bu yarışda 1 əsas, 5 xüsusi mükafata layiq görülüblər. Əminəm ki, builki qaliblər də həmin mükafatlara layiq görüləcəklər”.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edək ki müsabiqədə müxtəlif kateqoriyalar üzrə birinci yerə 6 layihə üzrə 11 şagird, ikinci yerə 16 layihə üzrə 29 şagird, üçüncü yerə 25 layihə üzrə 46 şagird layiq görülüb.

Qaliblər sırasından bu ilin may ayında ABŞ-da keçiriləcək İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə üzrə 7 şagird seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək.

ABŞ-a göndərilən şagirdlərdən biri isə Ağabaqir Əliyevdir: “Riyaziyyat fənni üzrə qalib olmuşam. ABŞ-a İSEF-in sərgisinə göndəriləcək şagirdlərdən biriyəm. Hisslərimə gəldikdə isə hər şey göz qabağındadır. Çox pozitiv hisslər keçirirəm, ifadə etməyə söz tapa bilmirəm”.

Riyaziyyat fənni üzrə qalib gələn Emil Rüstəmli də çox sevincli olduğunu bildirir: “Mən Ağabaqirlə komanda yoldaşıyam və riyaziyyat fənni üzrə qalib gəlmişəm. əlbəttə bu çox qürurverici hissdir və bu səbəbdən müəyyən layihələrlə burda olmaq və ölkəmizə, millətimizə xeyir verməyə çalışırıq”.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.

Səfər Əlizadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın