04:40 12 May 2018 629
Ana səhifə Xəbərlər

Ruhi xəstənin evi əlindən alınaraq satılıb - ARAŞDIRMA

Elnarə Paşayeva xeyriyyəçiliklə məşğuldur. APA TV-nin məlumatına görə, ötən il ona ruhi xəstə xanıma yardım etmək barədə müraciət ediblər.

O, dərhal deyilən ünvana yollanıb. Mənzilin qapısı açılanda isə gözlərinə inanmayıb. Qarşısında tələbə yoldaşını görüb. Elnarə xanım baxımsız, davranışları qəribə olan Ülkəri tanımaqda çətinlik çəkib. Mənzilə daxil olanda isə daha dəhşətli mənzərə ilə rastlaşıb. Evi üfunət iyi bürüyübmüş.

Ülkər Babayeva 1984-cü ildə Bakıda anadan olub. Valideynləri vəfat edəndən sonra psixoloji vəziyyətində problem yaranıb. Bir müddət qonşuları ona yardım etsələr də, vəziyyət çıxılmaz hal almağa başlayanda onlar Elnarə Paşayevaya müraciət ediblər. O da dərhal hərəkətə keçib: “Dedim ki, Ülkər, mən sənə kömək etmək istəyirəm. Birinci “yaxşı” dedi. Ancaq kömək qəbul etmədi. Dərk edirdi hər şeyi. Hərdən lazımsız şeylər danışırdı, amma məni tanımışdı. Sonra qrup yoldaşlarımı toplayıb yanına getdik. Hamımızı tanıdı. Qonşular da gördü ki, biz paltar, yemək gətirmişik. Təxminən 10 gün getdim yanına. Mən onu harasa yerləşdirmək istəmirdim. İnanırdım ki, müalicə alsa, düzələcək. Sonra gördüm ki, yox, nəzarəti itirir”.

Araşdırma müddətində məlum olub ki, qonşuların təşəbbüsü ilə Ülkər Babayeva Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb. Bir aydan sonra evinə dönsə də, sonradan onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirməyə qərar veriblər: “Biz dedik ki, Ülkərin mülkü var. Bundan sonra onların marağı ikiqat artdı. Onlar mənimlə MKİS-ə getdilər. Baxdılar ki, kupça nənəsinin adınadır və Ülkərdən başqa qeydiyyatda heç kim yoxdur. Onu həmin gün apardılar”.

Müəssisənin rəhbəri Rəhmumə Cəfərova Elnarə Paşayevaya deyib ki, Ülkər Babayeva artıq dövlətin himayəsindədir: “Səhəri günü Rəhmumə xanıma zəng elədim ki, Ülkər necədir? Dedi ki, məni daha narahat eləmə. Mən buranın müdiriyəm, o qədər işim olur ki... Və bu xanım məni bloka atdı”.

Elnarə xanım Ülkəri il ərzində cəmi dörd dəfə görüb. Sonuncu görüş mart ayında olub. Həm də xoşagəlməz anlar yaşanıb. Məlum olmayan səbəbə görə dispanserdə müalicə alan kişilərdən biri Ülkərin otağına gedib: “Ülkər də qışqırırdı, kişi səsi də gəlirdi palatasından. Mən Ülkərin səsini eşidən kimi qaçdım. İçəri girəndə gördüm ki, Ülkər kişinin əllərini cızıb. Mən də soruşdum ki, sənin onun otağında nə işin var idi? Və həmin xəstə məni boğmağa başladı. Sonra öyrəndim ki, bu kişini ora ona görə buraxıblar ki, mən qorxum və Ülkəri görməyə gəlməyim. Bunu mənə deyiblər. Lazım olsa, həmin adamla da görüşdürə bilərəm”.

Elnarə xanım iddia edir ki, Ülkər Babayeva müalicə aldığı müddətdə ona himayədar tapılır və mənzili Xətai Rayon Məhkəməsinin qərarı ilə satılır, hətta iki dəfə. Onun redaksiyamıza müraciət etməsinin səbəbi də budur. O, mənzilin qanunsuz şəkildə satıldığını bildirir. Himayədar kimi Marina Xritonovanın adı çəkilir. Elnarə xanıma deyiblər ki, Ülkər xanımın adına torpaq sahəsi alınıb. Lakin bunu sübut edən sənəd yoxdur.

Qeyd etmək yerinə düşər ki, öncədən Ülkərin kimsəsiz olduğu deyilsə də, sonradan məlum olub ki, onun əmisi və atasının ilk evliliyindən olan iki qardaşı var.

O ki qaldı qarşı tərəfə, təəssüf ki, 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi təmirə bağlandığından, Rəhmumə Cəfərovanı tapmaq mümkün olmadı.

Mənzil isə Cəlil Ağayevə satılıb. Onun nümayəndəsi, eyni zamanda Marina Xritonovanın etibarnamə verdiyi Yusif Allahyarov bildirib ki, Ülkər Babayevaya məxsus 2 otaqlı ev qanuni əsaslarla satılıb. Məlum olub ki, M.Xritonova ilə Ülkərin nənəsi Aleksandra Leontyevnanın qohumluq əlaqəsi olub. Mülk isə M.Xritonovanın iştirakı ilə Cəlil Ağayevə satılıb. 17 min dolların (beh) ödənildiyinə dair qəbz alınıb. Sadəcə, alqı-satqı ilə bağlı problemlər yaranıb - mülkiyyətçi vəfat etdiyi üçün məsələ həllini tapmayıb: “Xətai Rayon Məhkəməsinə müraciət etdik. Bu məsələni Ülkər Babayevanın valideynləri rəhmətə getdiyi üçün həll edə bilmədik. Çünki onlar vərəsə idilər. M.Xritonova Aleksandra Leontyevnanın (Ülkərin nənəsi) qonşusu olub. Aleksandra Leontyevna mənzili satanda M.Xritonova orada iştirak edib”.

M.Xritonova varis kimi yox, nümayəndə kimi qəbul edilib. Və məhz bu xanımın köməyi ilə 2016-cı ilin sonunda Ülkər Babayeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirilib. Halbuki alqı-satqı müqaviləsinin bağlanması üçün Ü.Babayevanın razılığı olmalı idi: “Bizə etibarnaməni vermirdilər. Müəssisənin rəhbərinə bildirdim ki, Mülki Məcəllənin 362-ci maddəsinin 4-cü bəndinə baxın. Sizin vəzifə borcunuzdur ki, sizin müəssisədə müalicə alan yerləşən insanın xeyrinə hər hansı hüquqi addımı atmaq məqsədilə etibarnaməyə ehtiyac duyulursa, bunu siz verməlisiniz. Yeganə varis olaraq Ülkər Babayeva adına əvvəlcə şəhadətnamə, daha sonra çıxarış almışıq. Lakin müəssisənin verdiyi etibarnamə əsasında yox, notarial qaydada alınan etibarnamə əsasında”.

Nəticə etibarilə mərhum mülkiyyətçinin kreditora borcu olduğuna görə varis kreditorun öhdəliklərini yerinə yetirməlidir. Qeyd etmək yerinə düşər ki, M.Xritonova Ülkər Babayevanı yaşadığı mənzildə qeydiyyata alıb. Ülkər Babayeva isə hazırda Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın