10:30 24 May 2020 1557
Ana səhifə Xəbərlər

Rəsulzadənin Stalini gizlətdiyi məscid tarixdən silinə bilər - SOS

Abşeron rayonunun Novxanı kəndindəki XVIII əsrə aid "Şah Sultan Hüseyn" məscidi bir zamanlar qədim yaşayış məskəninin mərkəzi olub. 1930-cu ildə sovet hakimiyyəti tərəfindən bağlanan məscid tarixi abidə kimi qeydə alınsa da, baxımsızlıq üzündən uçub.

İnşasına Səfəvi hökmdarı Şah Sultan Hüseyn tərəfindən göstəriş verildiyi deyilir. Məhz ona görə də məscid “Şah Sultan Hüseyn” adlandırılıb. Baxımsızlıq ucbatından məscidin bir hissəsi dağılıb-tökülüb. Ərazidə gördüyünüz kimi, çox acınacaqlı vəziyyət hökm sürür. Qrunt suları və kanalizasiya suları ətrafı basıb.

Şah Sultan Hüseyn məscidi bir neçə tarixi ana şahidlik edib. Məscidin daha bir tarixi əhəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Sovet İttifaqının ikinci rəhbəri İosif Stalini iki dəfə ölümdən xilas edərək, məhz burada gizlətməsindədir.

Məscid 1 mərtəbədən və 4 geniş otaqdan, həmçinin geniş həyətdən ibarət olub. Bura məscidin minbəri olub. Minbərdən axund yuxarı çıxaraq azan verib. Bu məscidin tarixi, qədimliyi və özəlliyi həm də ondan ibarətdir ki, məhz burada, minbərin altında 1907-ci ildə Bakıda qiyam zamanı Stalini öldürmək istəyən şəxslərin əlindən Məhəmməd Əmin Rəsulzadə onu qurtararaq bura gətirib və minbərin altında gizlədib. Beləliklə, “millətlər atası” adlandırılan Stalin ölümdən xilas olub.

Yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı məşhur əsərində bu hadisəni beıə təsvir edib: “Hətta deyirdilər ki, qatı irtica dövründə Məhəmməd Əmin məhərrəm ayında, İmam Hüseyn üçün əza mərasimi qurulmuş məhəllə məscidində minbərin içində Stalini on beş gün gizlədib. Rəsulzadənin atası Molla Ələkbər minbərdə moizə edirmiş, Stalin isə minbərin içində uzanıb dincəlirmiş. O zaman belə macəranı heç kəs ağıla gətirə bilməzdi. İşin üstü açılsaydı, adamı diri-diri parçalayardılar”.

Məscid yerli əhəmiyyətli və mühafizə olunan tarixi abidələr siyahısında olsa da, görünən mənzərə bunun əksini düşünməyə əsas verir.

Əvvəllər bu məscid Novxanı camaatının yeganə ibadət yeri olub. Zaman-zaman insanlar bu məscidi təmir-bərpa etmək istəsələr də, buna icazə verilməyib. İş orasındadır ki, bir zamanlar SSRİ-nin rəhbərlərindən birini xilas edən məscidin özünün hazırda bir xilaskara ehtiyacı var.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli APA TV-yə açıqlamasında bildirib ki, sözügedən tarixi abidənin bərpa layihəsi artıq hazırdır. Məscidin bərpası karantin müddəti bitdikdən sonra görüləcək ilk işlər sırasındadır.

Ümid edək ki, uzun müddət baxımsız qalan tarixi məscid bərpa olunacaq. Əks halda, bu abidə haqqında da keçmiş zamanda danışacağıq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın