12:48 26 Yanvar 2021 113
Ana səhifə Xəbərlər

Qusarda RMX-nın direktoru, Hacıqabulda isə şöbə müdiri barəsində cinayət işi başlandı

Vətəndaşların hüquqlarını pozmaqla öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

Qusar rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinin müdiri Rəfiqə Həmzeyava barəsində cinayət işi başlanıb.

Belə ki, şöbə müdiri Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir.

R. Həmzeyeva ilə birlikdə daha bir şəxs - Hacıqulu Həmidov da eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İş üzrə zərərçəkmiş şəxs qismində isə Reyhan Bəşirova tanınıb.

Təqsirləndirilən şəxslər barəsində cinayət işinin istintaqı başa çatdırılıb, baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Həmid Əzizovun icraatına verilib.

Qeyd edək ki, Rəfiqə Həmzeyava 2010-cu ildə keçirilən parlament seçkilərində 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd olub. Həmin dairədən parlamentə Rəfail Hüseynov deputat seçilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın