18:19 27 Oktyabr 2020 139
Ana səhifə Xəbərlər

Qurban Qurbanov: “Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın”

“Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın”.

APA TV-nin məlumatına görə, bunu UEFA Avropa Liqasında İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşacaq “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandıran Qurbanov bildirib ki, futbolçularla birlikdə rəqibin oyunlarına baxıb və təhlil aparılıb: “Sabaha yüngül məşq salmışıq. Oyun günü də məşq keçəcəyik. Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedyev də bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq”.

“Vilyarreal”ın baş məşqçisi Unay Emerinin UEFA Avropa Liqasındakı uğurlarına diqqət çəkən Qurban Qurbanov qeyd edib ki, oyun hər iki tərəf üçün ağır keçəcək: “Çempionatlar fərqli olsa da, rəqibin məşqçisinin də böyük önəmi var. Hamımız bilirik ki, Unay Emeri fərqli, çox tələbkar məşqçilərdən biridir. “Vilyarreal” yaxşı rəqibdir. İstənilən halda, düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evimizdəki kimi hiss etməyə çalışacağıq”.

Məlumat üçün bildirək ki, Bakıda keçirilməsi planlaşdırılan oyun UEFA-nın son qərarı ilə qardaş ölkə Türkiyədə baş tutacaq. Oyun oktyabrın 29-da İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda Bakı vaxtı ilə 21:55-də başlayacaq. Matçı Pavel Orelin başçılıq edəcəyi çexiyalı hakimlər briqadası idarə edəcək.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın