04:00 29 May 2018 2382
Ana səhifə Xəbərlər

Qonur ayı, cüyür, qaban, çaqqal, tülkü... - ALTIAĞAC MİLLİ PARKINDAN REPORTAJ

Dağların əhatəsində, yaşıllıqlar içində cənnət... Altıağac Milli Parkı sözün əsl mənasında istirahət üçün cənnət məkandır.

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təbiətimiz -evimizdir” layihəsi çərçivəsində jurnalistlər üçün təşkil etdiyi növbəti səfər Altıağac Milli parkına olub.

11 min 35 hektar əraziyə malik park 2004-cü ildə yaradılıb. Altıağac Milli Parkının direktor əvəzi Göycə Musayev deyir ki, Böyük Qafqazın cənub-şərq yamaclarını əhatə edən parkın fauna aləmi kifayət qədər zəngindir: “Qırqovul, kəklik “Qırmızı kitab”a düşüb. Milli parkın ərazisində qonur ayı, cüyür, qaban, canavar, çaqqal, tülkü var. Say etibarilə yırtıcı heyvanlar daha çoxdur. Hazırda 60 baş qonur ayı var”.

Meşədə istirahətə üstünlük verənlər üçün Altıağac əla seçimdir. Gəzinti zamanı Qafqaz vələsi, Şərq fıstığı kimi ağaclara, yemişan, böyürtkən, itburnu və s. kimi kol bitkilərinə rast gələ bilərsiniz.

Altıağac Milli Parkının ərazisinin 90 faizini qonur dağ meşələri təşkil edir. Yeri gəlmişkən, parkın yaradılmasında əsas məqsədlərdən biri də Qafqaz palıdı kimi flora növlərinin qorunub saxlanmasıdır.

Yaşıllıqların əhatəsində piknik edərkən bir tərəfdən təmiz hava almış olacaqsınız, digər tərəfdənsə sakitlikdən zövq almaq imkanınız olacaq. Uzun müddətə gümrah enerji qazanmaq üçün əla fürsətdir. Hərçənd dağ havası şıltaqlığını göstərə bilər. Bizə sürpriz etdiyi kimi. Qəfil başlayan yaz yağmuru meşə havasının qoxusunu daha da təravətləndirdi...

Çay kənarında istirahət etmək istəsəniz, milli parkda bunun üçün də imkan var. Ərazidə ən böyük çay başlanğıcını Dübrar dağından götürən Ataçaydır.

ETSN-in əməkdaşı Hikmət Əlizadənin fikrincə, milli parklarda istirahət edərkən həm də maariflənmək, təbiətə düzgün münasibəti öyrənmək olar: “Məqsədimiz Azərbaycanın ən füsunkar milli park ərazilərini ölkəmizin vətəndaşlarına, eləcə də xarici vətəndaşlara tanıtmaq, turizmin inkişafına nail olmaqdır. Təəssüf ki, bir çox hallarda insanlar təbiətin gözəlliklərindən istifadə etməklə yanaşı, həm də ziyan vururlar. Milli parkların xüsusiyyəti odur ki, bura gələn insanlar eyni zamanda maariflənirlər. Onlara təbiətlə davranmanın detalları açıqlanır”.

Altıağac Milli Parkında istirahət etmək istəsəniz, cəmi 2 manat ödəyəcəksiniz. 16 yaşına çatmayan şəxslər üçün giriş pulsuzdur.

Müəllif | Apa.Tv

Nigar Həsənli

Kodu kopyalayın