18:40 10 Sentyabr 2019 78
Ana səhifə Xəbərlər

Qocalar Evində rastlaşıb evlənən sinif yoldaşları - REPORTAJ

Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat, yəni “Qocalar Evi” ötən əsrin 60-cı illərində inşa edilib. Düz 59 ildir bu evdə imtina edilmiş valideynlər yaşayır. Ya da illərlə tək yaşayıb, tənhalığa dözə bilməyən yaşlılar buraya üz tuturlar.

Telli İsmayılova əslən İrəvandandır, özü düz beş ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinidir. Nə ailəsi, nə də övladları var. Bir bacısı Bakıda, qardaşı isə Mingəçevirdə yaşayır, güzəranından şikayətçi deyil: “Burada özümü doğma hiss edirəm. Mühit də yaxşıdır, güzəranımız da. Onkoloji xəstəlikdən əziyyət çəkirəm, altı aydan bir xəstəxanaya gedib müayinə olunuram. Burda da dövlət bizi dərmanla təmin edir. Amma mənim xəstəliyim üçün önəmli olar dərmanlar bahadır axı qızım. Tez-tez Maştağa xəstəxanasında müalicə alıram. Burada həkimlərimiz var. Kaş 10 il öncə gələrdim bura”.

Beş uşaq atası olan Həbib Qənbərov həyat yoldaşı vəfat etdikdən sonra “Qocalar Evi”nə gəlib, 11 ildir buranın evli cütlüklərindən biridir: “Bizə sahiblənən hökumətimizə təşəkkür edirəm. Son altı ayda pensiyaların artması bizi daha da sevindirdi. Şükür, məhrum olduğumuz sevgi ilə burda bizi əhatə edirlər. Bankomatımız yox idi, onu da gətiriblər. Hər şey çox rahatdır”.

Pansionatın rəhbəri Qətibə Əsədova deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 234 nəfər yaşayır: “Sakinlərin hamısı dövlət təminatındadır. Yemək və geyimlə təminat, eyni zamanda həkim müayinəsi. Amma yaşadığımız bu binada müalicə üçün şərait yoxdur. Heydər Əliyev Fondunun himayəsindəyik. Xəstəxanalıq və yaxud həkimlik xəstəmiz olanda dərhal onlar gəlib müalicəyə aparırlar. Gündəlik müayinəyə ehtiyacı olanları isə müəssisəmizin həkimi müayinə edir və pulsuz dərmanla təmin olunurlar”.

“Qocalar Evi”nin 60 sakini xüsusi qulluğa ehtiyacı olanlardır: “Həmin sakinlərə dayələr baxır. Əsas problemimiz ondadır ki, gecə dayələrimizin sayı artırılmalıdır. Çünki sakinlərin 60 nəfərinə bir nəfər dayə baxa bilməz. Artıq bununla bağlı nazirliyə müraciət etmişik. Getdikcə yaşayışçıların sayı artır”.

Pansionatın sakinlərinin əksəriyyəti təqaüdçüdür və kartları da özlərindədir. Amma elə qocalar da var ki, yaddaşları zəifləyib və pensiya kartlarına yaxınları sahib çıxıb: “Bura sakinləri qəbul edəndə əgər kartı da özündədirsə, ona yazılı ərizə yazdırırıq. Bununla bağlı xüsusi ərizə forması var və hər bir sakinin pensiya kartı özündədir. Müəssisənin qarşısında bankomat da var. Xüsusi diqqətə ehtiyacı olanlar belə dayələrin köməyi ilə bankomata aparılır və dərhal kartları da özlərinə təhvil verilir. Bəlkə də nə vaxtsa belə neqativ hal olub, amma cənab nazirin xüsusi tapşırığı var. Yalnız şəffaflıq!”

Müəssisə rəhbəri onu da əlavə etdi ki, kimsəsiz sakinləri himayəyə götürmək üçün müraciət edənlər şəxslərin sayı çoxdur. Əslində bu yaxşı ənənə olsa da, qanunla bu qadağandır.

O, tənhalığı sevir. Təklikdən, tənhalıqdan danışsa da, əslində həmişə çoxsaylı insanların - dostlarının, yoldaşlarının əhatəsində olub/Anası onu dünyaya gətirəndə ölüb. Ögey ana himayəsində böyüyüb. Brilliant adını da ögey anası qoyub. Elə buna görə də öz adını belə sevmir. Burada isə hamı onu Buma xanım kimi tanıyır: “Başım daşdan-daşa dəyib. Çox əziyyət çəkmişəm həyatda. Heç vaxt yaxşı insanlara rast gəlməmişəm. Həyatdan da elə həmin insanlara görə küsmüşəm. İndi rahatam. Səmimi bir söz deyim sizə, inanın ki, yoldaşımı itirdikdən sonra son beş ildir ki, rahat gün görürəm. Burada yaxşı mühit var, pensiyam da artıb 130 manat olub. Heç 60 manat alanda da narahat olmamışam. Çünki burada hər şeylə təmin olunuruq”.

Qəribə həyatı var. 47 yaşından dul qalıb. Tale onu sığındığı “Qocalar Evi”ndə sinif yoldaşı ilə qarşılaşdırıb. Həyatı az da olsa, illərin bu qarşılaşmasından sonra dəyişib: “Dolanıram, şükür, lap yaxşıyam. Burada sinif yoldaşımla rastlaşdım illər sonra. İnanın, yatsam, yuxuma belə gəlməzdi. Mən onu tanımadım, o, elə ilk dəfə görən kimi tanıyıb. Səssiz-səmirsiz həyatı birlikdə davam etdiririk. On aydır evliyik, əslində qulaq yoldaşıyıq bir-birimizə”.

Müsahibimiz onlara qarşı əməkdaşların xoş davranışından ağız dolusu danışır: “Qızım, gecələr bizə lay-lay da deyəsi deyillər ki. Sağ olsunlar. Kimim var ki, kimə pul xərcləyim. Hər şey var. Amma mən öz evimin, elimin-obamın istiliyini istəyirəm. Kaş ki, rəhmətə gedəndə öz evimdən götürəydilər məni”.

Tamara xanım ixtisasca jurnalistdir. Bir oğlu, bir qızı olsa da, hazırda Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda - “Qocalar Evi”ndə yaşayır: “Oğlum imkanı olanda gəlib dəyir mənə. Amma qızım qaynanası ilə birgə yaşayır, mənə baş çəkməyə qoymurlar. Əslən Bakıdanam. Amma 16 il Naxçıvanda “Qocalar Evi”ndə qalmışam. Orda şərait yaxşı deyildi o vaxtlar. Ona görə də Bakıya gələsi oldum”.

72 yaşlı həmkarımız düz 36 il jurnalist kimi çalışıb. Əvvəlcə “Ədəbiyyat və incəsənət” qəzetində, daha sonra isə Azərbaycan Dövlət Televiziyasında işləyib: “Jurnalist kimi bir dəfə mənə “Qocalar Evi” haqqında bir şikayət xarakterli yazını araşdırmağı tapşırdılar. İbrahim adlı şəxsdən çoxlu şikayət vardı. Mən də bura gəldim, araşdırdım, faktlar tapıb yazı hazırladım. Bundan sonra isə pansionatın rəhbərliyini dəyişdilər”.

Xanlar dayı isə uzun illər sürücü işləyib: “Mən həmişə ziyalı insanlarla işləmişəm. Akademik Həsən Əliyevin sürücüsü olmuşam. Onda Heydər Əliyev hakimiyyətə gəlməmişdi. Rəhmətlik Həsən Əliyevlə üç il işlədikdən sonra daha yaxşı məvaciblə başqa bir yerdə işləməli oldum”.

Övladlarından şikayət etmir. Bəlkə də utanır, bəlkə də onları utandırmağa ürəyi gəlmir. Hər şeyi “çətin zamanla” əlaqələndirir: “Üç oğul, bir qız övladım var. Özlərini güclə dolandırırlar. Sığınacaqda da soruşdular ki, övladların sənə baxmır? Dedim ki, hərəsinin 3-4 uşağı var. Qızım, insan olmaq lazımdır əvvəlcə, sonra övlad. Heç onlarla görüşmək də istəmirəm. İncimişəm”.

Həyat yoldaşı 10 ay bundan əvvəl rəhmətə gedib Xanlar dayının. Deyir ki, elə həyatındakı ağır günləri də xanımının itkisindən sonra başlayıb. Sevib ailə qurubmuş. Özü də çox gənc yaşlarında. Heç ağlına belə gəlməzmiş ki, övladlarının hər nazına dözən ata həyat yoldaşını itirdikdən sonra onlara ağır yük olduğunu eşidəcəkmiş. İndi ona göstərilən diqqətdən də, qayğıdan da razıdır. Nəvələrinin xiffətini çəkir. Ən ağrılısı isə odur ki, pensiya kartını da övladlarına verib gəlibmiş, sonradan qərara gəlib ki, özü alıb nəvələrinin təhsil xərcini ödəsin.

Qəribədir, həmsöhbətimiz olan sakinlərin heç biri övladlarından şikayət etmir. Amma gözləri yolda, qulaqları səsdədir...

Bura ömrün ahıl vaxtında, doğmalarından qayğı, qulluq, ən azı mehriban münasibət ummağa haqqı çatdığı məqamda müxtəlif səbəblərdən bütün bunlardan əli üzülmüş, ümidi kəsilmiş bir qoca üçün unudulmaq, biryolluq tərk edilmək, atılmaq qorxusunun bitdiyi, özünü qayğı əhatəsində gördüyü, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunduğu doğma bir evdir. Doğmaları onlardan imtina etsə də, dövlətimiz onlara sahib çıxıb. Tanrı dövlətimizi qorusun!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın