08:40 28 Fevral 2020 218
Ana səhifə Xəbərlər

Qərargah: Azərbaycanda koronavirusa yoluxan ilk şəxsin vəziyyətində ağırlaşma yoxdur

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı brifinq keçirib.

APA TV-nin məlumatına görə, tədbirdə qərargahın üzvü, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva, TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev iştirak edirlər.

Bildirilib ki, Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxan şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Nazirlər Kabineti yanında OperativQərargahın üzvü, TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, tibbi maskaların qoruyuculuğu yoxdur: “Onun üçün xüsusi maskalar var. N-95 tipli maskalardır. O da əhali üçün nəzərdə tutulmayıb. Xəstələrlə təmasda olan tibb işçiləri üçün nəzərdə tutulub. Spirt olmadıqda, sabunla əlləri yumaq kifayətdir”.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, TƏBİB xəstəxanaların təhvil-təslim prosesinə bu ilin yanvar ayından başlayıb. “Bu gün artıq müalicədən söhbət gedirsə bütün ehtiyac olan dərman preparatlar ilə ayrılmış xəstəxanalarımız təchiz olunmuşdur. Qeyd etmək istəyirəm ki, bizim 3 xəstəxanamız var. Bu Astara, Cəlilabad və Qobustan xəstəxanalarımızdır. Bundan əlavə dəstək verici xəstəxanalarımız var. Bunlar Biləsuvarda, Masallıda və Lənkəranda, Klinik Tibbin Mərkəz, Ağ ciyər Xəstəlikləri İnstitutu və 7 saylı uşaq xəstəxanasıdır”.

Qeyd edək ki, TƏBİB-də 24 saat işləyən "Qaynar xətt" yaradılıb. Qaynar xəttin nömrəsi 1542-dir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın