21:20 16 Noyabr 2019 191
Ana səhifə Xəbərlər

Qarabağ qazisinin 36 min dollarını alıb, maşınını satdılar - BANKLA QALMAQAL

Mircəlal Cavadov Qarabağ müharibəsi veteranıdır. Paytaxtın Nəsimi rayonun da yaşayır. 2014-cü ildə Bank Respublikadan “Honda Pilot” markalı avtomobili kreditə götürüb. Krediti müştəriyə 36 ay müddətinə verən banka o, ilkin ödəniş də edib. Ümumi dəyəri 46 min ABŞ dolları olan avtomobilin 36 min dolları Mircəlal Cavadov tərəfindən ödənib: “Heç bir gecikmə olmadan 36 min dolları bir ay içində ödəmişəm. Devalvasiya dövründə Gürcüstanda işgüzar səfərdə olmuşam. Bir gündə mənə bankdan 28 dəfə zəng olundu, pulu dərhal ödəyin, çünki aylıq ödənişim 3-4 gün gecikmişdi. Elə devalvasiyaya görə də 3 ay gecikməm oldu və bundan sonra hər ay ödəmişəm”.

Bundan sonra ödəmələrin gecikdiyindən bank avtomobili müştəri tərəfindən 36 min dollar ödənilməsinə baxmayaraq geri alır: “Bakıya gələn kimi banka gedib 10 min dollar ödəyib maşınımı geri almaq istədim, amma vermədilər. Dedilər ki , 10 min yox, 17 min ABŞ dolları ödəməlisən. Amma faktiki olaraq mənim ümumi qalıq borcum 12 min 700 dollar idi”.

Beləliklə, bankın problemli kreditlər şöbəsindən müştəriyə bildirilib ki, manatın devalvasiyası nəticəsində kreditləri ABŞ dolları valyutasında olan və hazırkı aylıq məbləği ödəməyə maddi imkanı olmayan müştərilərin kredit tarixçəsinin korlanmaması, müştərilərin məmnuniyyətinin artırılması üçün dollarla verilən kreditin manatla ödənilməsinə şərait yaradacaqlar: “Bildirildi ki, 1,05 manatla hesablayıb, ödəyin. Razılaşdım və sənədlərimi geri istədim ki, aylıq ödənişlərimi ödəyim. Amma sənədlərimi vermədilər, düz üç ay mən sənədlərimi geri almaq üçün bankın qapısında gözlədim. Məlum oldu ki, dəyəri 48 min dollar həcmində olan avtomobilimi, bank guya hərrac yolu ilə satıb”.

Müştəri problemin çözülməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edib: “Məhkəmədən hərracın protokolunu istədim. Kreditlər restrukturizasiya dövründə Prezident İlham Əliyev fərman imzaladı ki, kredit yükləri azalsın. Buna görə yenə banka müraciət elədim. Bankdan mənə dedilər ki, sənin banka 3 min dollar yəni 5 min manat dəyərində borcun qalıb”.

Beləliklə, müştəri öyrənir ki, ona 48 ABŞ dolları həcmində kreditə verilən avtomobili bank hərrac yolu ilə 12 min dollara satır”.

Bu günədək müştəriyə hərrac protokolu təqdim edilməyib. Bundan sonra Mircəlal Cavadov Maliyyə Bazarlarına Nəzarət Palatasına iki dəfə müraciət edir. Palatadan müştəriyə nə müsbət, nə də mənfi cavab verilir: “Dəfələrlə onlara müraciət eləmişəm ki, heç olmazsa mənə ödənişlərimin çeklərini təqdim edin. Bank məndən kredit müqaviləm də daxil olmaqla bütün sənədlərimi və ödəniş çeklərimi alıb. Bildiriblər ki, kreditini manata çevirib sənədlərini geri qaytaracağıq. İndi əlimdə nə müqaviləm var, nə maşınım. Əvəzində banka borcum var”.

İndi Qarabağ müharibəsi veteranı Mircəlal Cavadov yox, həm də ona zamin duran şəxsə ciddi problem yaranıb. Çünki kredit müqaviləsinə kredit əldə olunan zaman banka neçə zamin təqdim olunubsa, həmin zaminlər də kredit borcunu geri ödəməlidir.

Qısası onu deyə bilərik ki, əgər zamin müqavilənin yararsızlığını sübut edə bilərsə, belə bir halda zaminlik müqaviləsinə xitam verilə bilər. Bu isə o halda baş verə bilər ki, əgər kredit borcu ödənməsə və bu zaman bank müştərinin kredit borcunun müddətini uzadar və bundan zaminə heç bir xəbərdarlıq olunmazsa, bu kifayət edər ki, zamin kredit borcunu ödəməsin.

Bundan sonra zamin zaminlik müqaviləsinə xitam verilməsini tələb edə, yəni, ilkin bağlanmış kredit müqaviləsinin şərtləri dəyişdirilməsini, ona əsas verə bilər.

Problem isə ondadır ki, “Bank Respublika” nə müştərini nə zamini dinləmir.

Məsələ ilə bağlı sözü gedən bankın ictimaiyyətlə əlaqələr şöbəsindən fikir öyrənmək istədik, lakin danışmaqdan imtina etdilər.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Bu fərman xeyli sayda vətəndaşın kredit yükünün aşağı salınması ilə nəticələnib. Başqa sözlə ifadə etsək, xeyli sayda insanın banklar qarşısında öhdəlikləri azalıb. Amma müharibə veteranın problemli krediti üçün üz tutmadığı instansiya qalmayıb.

Bu yerdə yalnız “Dəyirman bildiyin edər, çax-çax baş ağrıdar” məsəli yada düşür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın