16:00 16 Noyabr 2019 182
Ana səhifə Xəbərlər

Prezident və xanımı Maksim Qalkinin yaradıcılıq gecəsinə baxıb

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub.

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahnı ilə çıxıb. Azərbaycan Prezidentini və birinci xanımı bu zalda salamlamağın onun üçün şərəf olduğunu deyən Maksim Qalkin Bakıya tez-tez gəldiyini, şəhərimizin ildən-ilə daha da gözəlləşdiyini vurğulayıb. Azərbaycan dilini sevdiyini qeyd edən şoumenin ana dilimizdə “Azərbaycan dilini öyrənmişəm. Mən Azərbaycan dilində danışıram. Amma nə danışıram, özüm bilmirəm” - deməsi, gülüş, zarafat dolu bir gecənin başlanğıcından xəbər verirdi.

Maksim Qalkin tamaşaçılar qarşısında "stand up" şousu ilə çıxış edib. O, Rusiya və Avropanın məşhur sənətkarlarının - tanınmış ifaçıların mahnılarına parodiyalar təqdim edib.

Gecənin maraqlı məqamlarından biri isə Maksim Qalkinin dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin repertuarından “Mavi əbədilik” mahnısını ifa etməsi olub. Dünya şöhrətli sənətkar Alla Puqaçovanın repertuarından “Arlekino” mahnısını oxumasını da tamaşaçılar alqışlarla qarşılayıb.

Gecənin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Maksim Qalkinlə görüşüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın