01:44 04 İyun 2020 298
Ana səhifə Xəbərlər

Prezident: "İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonunda səfərdə olub.

APA TV xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.

Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə məlumat verildi. Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşdü.

110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.

Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq.

Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

Dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsdi.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.

Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə operativ müşavirə keçirdi.

Diqqətə çatdırıldı ki, dörd hektar ərazidə salınan hərbi hissənin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. Qərargah binasında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları yerləşir. Burada 4 yataqxana binası da var. Yataqxana binalarının hamısında hərbçilər üçün hamam otaqları yaradılıb. Hamam-camaşırxana binası da bütün tələblərə tam cavab verir. Bundan əlavə, ərazidə stomatoloq, fizioterapiya, funksional diaqnostika, prosedur otaqlarının yerləşdiyi tibb məntəqəsi qurulub. Yeməkxana binasında hərbçilərin qidalanması üçün hər cür şərait yaradılıb. Fasiləsiz elektrik enerjisi ilə təmin olunan hərbi hissədə su təminatı üçün 180 metr dərinlikdə subartezian quyusu qazılıb. Ərazidə daimi təhlükəsizliyi təmin etmək məqsədilə 24 saat xidmət göstərən qarovul evi, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədi ilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də istifadəyə tam hazırdır. Bundan əlavə, hərbi qulluqçuların ailələri üçün 48 xidməti mənzildən ibarət ikimərtəbəli 3 yaşayış binasının tikintisinə başlanıb. Hərbi hissənin ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın