18:05 25 May 2020 334
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfərə gəliblər.

APA TV xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət etdilər.

Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.

Sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verdi.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının da açılışı olub. 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.

Dövlət başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada da oldular. Daha sonra dövlət başçısı və birinci xanım zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə də maraqlandılar. Məlumat verildi ki, zəlzələdən zərər çəkənlər üçün ilkin mərhələdə inşa olunmuş 44 və 20 mənzilli iki binada hər cür şərait yaradılıb.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında da oldular. Bildirildi ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır. Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın