19:34 19 Noyabr 2020 562
Ana səhifə Xəbərlər

Plastik qabların satışı ilə bağlı qadağa – YENİ QANUN LAYİHƏSİ HAZIRLANIB

“Ətraf mühitin mühafizəsi haqqında” Qanununa dəyişiklik edilməsi nəzərdə tutulub.

APA TV xəbər verir ki, təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətlər olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova deyir ki, qanunu ikinci dəfə pozanlara qarşı daha ciddi tədbirlər görüləcək: “Qərarda 15 mikrona kimi olan plastik paketlərin, eyni zamanda birdəfəlik istifadə qablarının: bura stəkan, bıçaq, boşqab və digər əşyalar daxildir ki, onların istehsalına, istehlakına və satışına qadağa qoyulacaq və bunun üçün cərimələr tətbiq olunacaq. Hətta birinci dəfə cərimə olunan şəxs ikinci dəfə qaydaları pozarsa, daha ciddi tədbirlərlə üzləşəcək”.

Səyyarə Məmmədova deyir ki, məlum olduğu kimi, plastik tullantılar birdəfəlik istifadəyə yararlı deyil və atıldıqdan sonra təbiətdə uzun illər məhv olmur. Bu da ətraf mühitin çirklənməsinə gətirib-çıxarır. Polietilen torbalardan istifadənin digər fəsadlarına gəldikdə isə... “Eyni zamanda, 15 mikrona kimi olan plastik paketlər çox yüngül olduğu üçün su tutarlarına ilişib onların məhvinə səbəb olur, kanalizasiya borularına ziyan verir, kənd təsərrüfatı torpaqlarına zərər verir. Və plastik tullantılar hər bir halda istər havanı, istər suyu, istər torpağı çirkləndirir. Bundan əlavə, içində qida saxlanılan plastik qabların tərkibindəki zərərli maddələr qidanın tərkibinə daxil olaraq insan orqanizminə keçir ki, bu da təkcə ətraf mühitin sağlamlığına zərər vermir, eyni zamanda, insan orqanizminin də məhvinə səbəb olur.

Plastik tullantılarla mübarizə artıq uzun illərdir dünya ölkələrinin gündəmindədir. Müsahibimizin sözlərinə görə, müxtəlif ölkələrdə əhalinin ekoloji təmiz paketlərdən istifadəsini stimullaşdırmaq məqsədilə polietilen torbaların satışı hətta ödənişli əsaslarla həyata keçirilir: “Bizim ölkəmizdə də ödənişli əsaslarla həyata keçiriləcək. Həmişə maraqlı sual olur ki, bəs onların alternativləri nə olacaq? Təbii ki, polietilen torbaların alternativləri həsir torbalar, eko paketlər dediyimiz parça torbalar, kağız torbalar. Bunlarla bağlı artıq iki ildir ki, maarifləndirmə işləri gedir. Artıq insanlar alternativlərlə yaxından tanış olublar”.

Qeyd edək ki, qanun layihəsinin polietilen torbalar üçün 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullar üçün isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın