16:50 24 Sentyabr 2020 375
Ana səhifə Xəbərlər

Pandemiya dövrünün turizm mənzərəsi - ARAŞDIRMA

Koronavirus pandemiyası bir sıra sahələrdə olduğu kimi turizmə də ciddi ziyan vurdu. Sərhədlərin bağlanması, ölkə daxilində vətəndaşların hərəkətinə qoyulan məhdudiyyətlər və digər karantin tədbirləri ölkə daxili turist sayını və sektordakı gəlirləri kəskin azaltdı. Lakin Sentyabrın 8-dən Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdə sərtləşdirilmiş karantin rejiminin aradan qaldırılmasından sonra bölgələrə turist axını başlayıb. İnsanlar havanın hələ isti olduğunu və yay turizm mövsümünün başa çatmadığını nəzərə alaraq bölgələrə səfər edirlər.

İsmayıllı və Qəbələyə gələn turistlər əsasən meşəlik ərazilərdə olan ailəvi istirahət mərkəzlərinə, otellərə müraciət edirlər. Otel sahibi Musa Musayev deyir ki, müştərilərin sıxlığı nəzərə alınaraq obyektlərdə tez-tez dezinfeksiya işləri həyata keçirirlər: “Sərtləşdirilmiş karantin günlərində demək olar ki, turist gəlmirdi. Lakin qaydalar yumşalandan sonra Bakı və Sumqayıtdan bura gələnlər artıb. Xüsusilə də həftə sonları müştərilər çoxluq təşkil edir. Bunu nəzərə alıb biz də dezinfeksiya məhlullarını giriş hissədə qoyuruq. Maskası olmayanları maska ilə təmin edirik. Gələn qonaqlar cəm şəkilində deyil, 4-5 nəfərdən ibarət masalarda əyləşirlər”.

Obyekt sahiblərinin sözlərinə görə, turistlərin sayının artmasına baxmayaraq, obyektlərdə qiymət artımı müşahidə edilmir. Administrator Xəyal Orucovun sözlərinə görə, hətta bir sıra restoran və otel xidmətlərinin qiymətində 20 faiz endirim də təklif edilir: “Nəzərə alsaq ki, bölgələrdə kifayət qədər turizm obyektləri mövcuddur, ona görə çalışırıq ki, digər obyektlərlə rəqabət aparmaq üçün qiymətlərdə endirimlər edək. Hazırda 20 faiz endirimlərimiz var. Gələn qonaqların əksəriyyəti açıq havanı üstün tuturlar. Ona görə, çalışırıq ki, qapalı məkanlarda olan koteclərə endirimlər edək. Bir otaqlı koteclər 50 manat, iki otaqlı koteclərimiz isə 70 manat təşkil edir.

Sakinlər də istirahət mərkəzlərində sanitar-epidemioloji qaydalara əməl edildiyini deyirlər:

- Artıq iki gündür buradayıq. Havaların bu cür xoş keçməyi bizi sevindirir. Qiymətlərdə münasibdir. Girişdə əllərimizi dezinfeksiya elədilər. Masaların arasında məsafə qorunur. Girişdə maskası olmayanlara maska verdilər.

- Girişdə maskası olmayanlardan maska tələb edirdilər. Biz maska taxmışdıq, ona görə istirahət mərkəzinə daxil olduq. Spirtlə təmin edirlər. Hesab edirəm ki təhlükəsiz istirahət edə bilirik.

- Yollar bağlı olduğundan gələ bilmirdik. Bakı şəhərindən gəlmişik. Uşaqlarda pandemiya ilə əlaqədar evdən çölə çıxmırdı, darıxırdılar. Ona görə, yol açılan kimi gəldik İsmayıllıya. Buranın həm havası həm təbiəti gözəldir.

Qubalı sahibkar Elxan Əhmədov da ötən illərdə öyrəşdikləri qaynar turizm həyatını bu il görmədiklərini deyirlər: “Mayda Qubada karantin götürüləndən sonra nisbətən canlanma müşahidə olundu. Hələ ki xərclədiyimiz pulu çıxara bilməmişik. İş olduqca zəifdir. Yerli camaat altıncı ya bazar günlər gəlirsə turistlər isə həftənin 5 günü olurdu. İndi həftə içi restoranlarda tək-tük turist olur”.

Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Əhməd Qurbanov isə deyir ki, son günlər aparılan monitorinqlər onu göstərir ki, rayonlarda fəaliyyət göstərən turizm obyektlərinin doluluğu həftə sonlarında maksimum həddə gəlib çatıb. Lakin bu o demək deyil ki, bütün il boyu bu proses davam edəcək. Otellər və restoranlar hazırkı müştərilərini qoruyub saxlamaq və yeni müştərilər cəlb edə bilmək üçün mütləqdir ki, yeni konsepsiya işləyib hazırlasınlar: “Tövsiyə edirik ki, turizm obyektləri öz marketinqlərini yenidən işləyib hazırlasınlar. Çünki gələcəkdə turizm canlananda onların əllərində daha güclü vasitələr olsun ki, gələcəkdə də ölkəmizə daha yaxşı turist cəlb edə bilsinlər. Bundan başqa, yeni marşrut xətlərinin işlənib hazırlanması vacibdir. Biz Azərbaycan Turizm Assosiasiyası olaraq yeni təşəbbüslə çıxış etmişik. Bu Türkdilli dövlətlərin turizm birliyi təşəbbüsüdür ki, gələcəkdə bütün türkdilli dövlətlər arasında müxtəlif turizm potensialının mübadiləsini apara bilərik”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə deyir ki, 24 avqust tarixindən başlayaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Vergilər Xidməti və Səhiyyə Nazirliyinin əməkdaşları həftədə iki dəfə olmaqla, ölkədə fəaliyyətdə olan hotellərdə monitorinqlər keçirirlər. Bu monitorinqlər ümumilikdə 229 oteli əhatə edir: “Bu gün üçün otellərdə aparılan monitorinqin nəticəsinə görə, bir nəfərdə də olsa koronavirus aşkarlanmayıb. 174 xidmət üzrə monitorinqlər aparılır. Monitorinqlərin nəticəsində otellərə “sahman nişanı” verilir. Bu nişan pandemiya dövründə otellərdə qaydaların tətbiqini nümayiş etdirən nişandır. Əgər vətəndaşlar hər hansı bir otelə gedən zaman karantin qaydalarının pozulduğunu görərsə dərhal bizin Dövlət Agentliyi ilə əlaqə saxlasınlar. Biz də həmin otelin sahibkarı ilə bərabər həmin problemi aradan qaldıraq”.

Agentlik sözçüsü deyir ki, otellərdə və restoranlarda qiymət artımı hələ ki, müşahidə edilməyib.

Hazırda Dövlət Turizm Agentliyi bir sıra dövlət strukturları ilə bərabər bəzi ölkələrlə sərhədlərin açılması və bundan sonra atılacaq addımları müzakirə edir. Bu zaman bir sıra dünya dövlətlərinin beynəlxalq təcrübələri öyrənilir. Nəzərə alsaq ki, insanların sağlamlığı bu gün dövlətin prioritet məsələsidir o zaman, verilən bütün qərarlar daha dərindən düşünülməlidir. Çünki hazırda dünyanın bir sıra ölkələrində COVID-19-a yoluxma halları artan templə davam edir və karantin qaydaları yenidən sərtləşdirilir. Bununla qarşılaşmaq istəməyən hər bir şəxs mütləq qoyulan qaydalara ciddi əməl etməlidir.

İlahə Vəliyeva

Şahnəzər Bəşirov

Vəli Turan

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın