16:48 27 Oktyabr 2020 164
Ana səhifə Xəbərlər

Pakistan səfiri: “Azərbaycanın torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik”

“Pakistan Cammu və Kəşmir məsələsinin sülh və BMT qətnamələri çərçivəsində həll olunmasını istəyir”.

APA TV xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakıda qeyd edilən “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Kəşmir probleminin sülh və beynəlxalq hüquq çərçivəsində həll olunması regionun sabitliyi və inkişafı üçün çox vacibdir. Kəşmirlilərin haqlarının pozulmasına, repressiyalara məruz qalmasına toxunan Pakistan səfiri qeyd edib ki, bu, beynəlxalq humanitar hüququn, insan haqlarının pozulmasıdır: “Hindistan hökuməti Cammu və Kəşmir regionunda demoqrafik strukturu dəyişməyə çalışır. Çünki bu regionda yaşayanların əksəriyyəti müsəlmandır, onlar Pakistana birləşmək istəyirlər. Hindistan hökuməti demoqrafik dəyişiklik edərək bu istəyin qarşısını almağa cəhd edir”.

Hazırda dünyanın COVID-19 pandemiyasına görə qapanma və məhdudiyyətlərdən əziyyət çəkdiyini diqqətə çatdıran pakistanlı diplomat kəşmirlilərin artıq illərdir belə problemlərdən əziyyət çəkdiyini, blokadada yaşadığını vurğulayıb.

Bilal Hayee BMT İnsan Haqları Komitəsi tərəfindən dəfələrlə Kəşmirdəki vəziyyətlə bağlı hesabatlar hazırlandığını da vurğulayıb: “Bu hesabatlarda qeyd olunub ki, hərbi və polis əməliyyatları mülki əhaliyə qarşı davam edir. Beynəlxalq ictimaiyyətin Kəşmir xalqının yanında dayanması vacibdir. Pakistan bu problem həll olunanadək öz diplomatik və mənəvi dəstəyini Kəşmirə davam etdirəcək”.

Jurnalistlərə açıqlamasında səfir ermənilərin ölkəmizə qarşı terror məqsədli hücumlarına da münasibət bildirib. Diplomat Ordumuzun işğal altında olan torpaqlarımızı necə azad etdiyini yaxından izlədiklərini qeyd edib: “Onlar başqasının torpağında yox, öz torpaqlarında döyüşürlər və uzun müddətdir işğal altında olan torpaqlarını azad etməyə çalışırlar. Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva mülki vətəndaşlarının mütəmadi olaraq terrora məruz qalması baxımından ölkəmizin Pakistanla eyni taleni yaşadığını vurğulayıb. Ombudsman ermənilərin son günlər yaşayış məntəqələrini, mülki şəxsləri hədəfə alması nəticəsində 10 uşağın həlak olduğunu, 32-nin isə yaralandığını bildirib. Bundan əlavə, bir neçə uşaq hər iki valideynini itirib: “Artıq 7 bəyanatımız və 1 müraciətimiz var. Biz müxtəlif nüfuzlu, beynəlxalq təşkilatlara bu məsələ ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, noyabr ayında, uşaq hüquqları günündə xüsusi bir icraata başlanılacaq “UNİCEF” tərəfindən. Biz bununla əlaqədar müraciət etmişik və adekvat reaksiya gözləyirik”.

Qeyd edək ki, yeni humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozan Ermənistan cəbhəyanı rayonları, həmçinin döyüş bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın