19:21 21 Yanvar 2020 341
Ana səhifə Xəbərlər

Ötən il yol qəzalarında 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 821 nəfər dünyasını dəyişib, 1702 nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, bu barədə məlumat Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsində verilib.

Baş İdarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, onların nəticəsində həlak olanların sayı 99 nəfər artıb, xəsarət alanların sayı isə 9 nəfər azalıb.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər dünyasını dəyişib, 527 nəfər xəsarət alıb. Bundan başqa, ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Müşavirəyə yekun vuran daxili işlər naziri Vilayət Eyvazov Dövlət Yol Polisi Xidmətinin ötən ilki fəaliyyətinin nəticələrini müsbət qiymətləndirib. Nazir qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib. Vilayət Eyvazov hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, eyni zamanda, əldə edilən müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyə edib.

Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın