10:31 24 Mart 2021 154
Ana səhifə Xəbərlər

Orduya qəbul olma xəbəri şəhid olandan sonra gəldi - REPORTAJ

Vətən Müharibəsində düşmən üzərində şanlı qələbənin tarixini qanı ilə yazaraq, milyonların qəlbində özünə heykəl qoyanlardan biri də əsgər Hümmət Mərhəmət oğlu Yaqubov olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Hümmət Yaqubov 1998-ci il sentyabrın 4-də Hacıqabul rayonunun Meyniman kəndində anadan olub.

Minlərlə həmvətənlisi kimi sanki toya yollanan Hümmət 2020-ci ilin oktyabrın 9-da Vətən Müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə pulemyotçu kimi iştirak edib. Döyüş yoldaşları ilə birgə Qırmızı Bazar kəndi ətrafında mühasirəyə düşüb və qızğın döyüşlərdə son damla qanına kimi vuruşub. 22 yaşlı Hümbət oktyabrın 27-də şəhid olub və noyabrın 30-da Hacıqabul qəbiristanlığında dəfn olunub.

Atası Mərhəmət Yaqubov deyir ki, oğlu çox vətənpərvər və heç nədən qorxmayan biri olub: “Döyüşə oktyabrın 9-da səfərbərlik tərəfindən çağırıldı. Demək istəyirəm ki, onu yola salanda üzündə kədər, soyuqluq yox idi. Uşaqların üzündə təbəssüm var idi. Elə bil müharibəyə yox, toya gedirdilər. Uşaqlarda elə yüksək əhval-ruhiyyə var idi. Onları vətənpərvərlik hissi aparırdı. Burdan onlar getdilər Ağcabədiyə. Oradan da 15-də Füzuliyə gediblər. Füzulidə olanda danışdıq. Çox şeyləri mən soruşmurdum, elə şeylər də var idi ki, hərbi sirr olduğuna görə demirdi.

2010-cu il Kür daşqınları zamanı Yaqubovlar ailəsinin evləri daşqından ciddi ziyan çəkib. O vaxt bir neçə kənd sakininə, o cümlədən də onlara yeni ev tikilib. Həmin ilin sentyabrında Prezident İlham Əliyev bu ailənin qonağı olub və yeni tikilən fərdi yaşayış evinin açarını bu ailəyə təqdim edib. Həmin vaxt Hümmətin 12 yaş olub.

Anası Laçın xanım deyir ki, Hümmət uşaqlıqdan sözə baxan, heç kimi incitməyən, zəhmətkeş, qorxmaz bir uşaq olub. Əsgər yoldaşlarının dediyinə görə, bir dəfə güllə yağışı altında, qorxmadan gedib əsgər yoldaşlarına içmək üçün su gətirib: “Mənim oğlum ana-ata qədri bilən, sakit, sözə baxan uşaq olub. Əsgər getdi, gəldi qismətində müharibəyə getmək də oldu. Danışırdıq, axırıncı dəfə atası ilə danışıb. Atasına deyib, ata, mən heç nədən qorxmuram, Allah qoysa, qayıdacam, yaxşı olacaq hər şey. Heç vaxt heç nədən qorxmayıb. Uşaqlıqdan hər bir əziyyəti də görüb, çətinliklə böyüyüb. İdmançı olub. İdmanla məşğul olardı, elə bil müharibəyə hazırlaşırdı. Qollarına güc yığırdı. Döyüşdə Zöhrab adlı dost, qardaş tapmışdı özünə. Döyüşdə su lazım olub, qorxmadan gedib gətiriblər. Bacısına deyib ki, atama de, qurbanlıq alsın. Sağ-salamat gəlim öz adımdan, əsgərlər adından qurban kəsərik. Ata da aldı, mənim uşağıma qismət olmadı”.

Hümbətgil ailədə 2 qardaş və 3 bacı olublar. Bacısı Əfsanə Yaqubova deyir ki, hər il bayram günlərində bacılarını təbrik edən Hümbət bu dəfə edə bilmədi: “Qardaşımla ünsiyyətim yaxşı idi. Bütün bacı-qardaş hamı ilə mehriban idi. Xasiyyəti yaxşı idi. Təmiz ürəyi var idi. Orda olanda, dedi, Əfsanə neynirsən? Dedim, nar yığıram sənin üçün. Dedi, mənim üçün də saxlayın, zarafatla “hamısını yemə” dedi. Dedim, hər şey qurbandır sənə, təki sən sağ-salamat gəl. Bu 8 mart çox təsirləndim. O, hər 8 mart bayramında mənə hədiyyə alıb təbrik edirdi. Yadıma düşəndə çox təsir edir mənə”.

Qardaşı İlqar Hümbətin əsgərlikdən qayıtdıqdan sonra hərbidə xidmətini davam etdirmək üçün sənəd verdiyini deyir:“Qardaşımla bir-birimizə dərdimizi danışardıq. Bir yerdə böyümüşük, uşaqlıqdan bir yerdə olmuşuq. Cəsur bir uşaq idi. Nə onun, nə də mənim heç nədən qorxacağımız olmayıb. Onda vətən sevgisi var idi. Əsgərlikdən gələndən sonra hərbiyə sənəd vermişdi. Şəhid olandan sonra cüməsi idi. Cüməsində məktub gəlmişdi ki, hərbiyə qəbul olub. Qismət olmadı. Fəxr edirəm ki, şəhid qardaşıyam”.

Şəhidin əmisi Sahibxan Hümbətov Birinci Qarabğ müharibəsinin iştirakçılarındandır: “Mən 1993-94-cü illərdə müharibədə iştirak etsəm də, torpaqlarımızın 20 faizi işğal altında idi. Amma mənim oğlumla şəhid Hümmət deyirdi ki, əmi, siz getdiniz döyüşdünüz, amma biz gedib həmin torpaqları düşmən tapdağından azad edəcəyik, öz torpaqlarımızı qaytaracağıq. Sizin işinizi, çəkdiyiniz əməyi yerə vurmayacağıq, biz alacağıq torpaqları. Nəyin bahasına olur-olsun, vuruşa-vuruşa torpaqları geri alacağıq. Mən bu gün bir əmi kimi fəxr edirəm ki, mənim qardaşım balası Hümbət şəhiddir. Oğlum da müharibəyə yollanmışdı. O, qayıdandan sonra əmisinin yanına gəlib onu qucaqladı ki, əmi, sən fəxr elə ki, sənin oğlun şəhid olub. Mən də o arzu ilə getmişdim, amma mənə qismət olmadı”.

Əsgər Hümmət Yaqubov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın