06:40 20 Sentyabr 2019 121
Ana səhifə Xəbərlər

Oğuzlu İzzət Sumqayıtda necə polada döndü? - BİR ÖMRÜN REPORTAJI

Onun haqqında çox eşitmişdim. Deyirlər, Sumqayıtın bünövrəsini qoyanlardandır. 70 yaşlı Sumqayıtdan 16 yaş böyük sakin - hamı onu “Polad İzzət” kimi tanıyır.

APA TV-nin məlumatına görə, İzzət Yusifov 1949-cu ildə - 15 yaşında, Oğuzdan tək-tənha üz tutur Sumqayıta. Deyir, uşaqlıqdan kasıblıq və min-bir əziyyət gördüyündən yeni bir həyat qurmaq arzusunda olub. Və beləliklə, xəyalının izinə düşür, anasını və 4 yaş kiçik qardaşını qoyub yeni tikilməkdə olan Sumqayıta gəlir. Vaxtı ilə yalınız üzümlü, əncirli Corat bağları kimi tanınan ərazi gözünün qabağında tikilərək genişlənir, şəhərə çevrilir: “Sumqayıtda dəniz o vaxt belə deyildi. Nəsimi parkının aşağısında son pilləkənlərə kimi gəlirdi dəniz. Yadımdadır, dənizin necə çəkilib, getməsi. O tərəflərin hamısı üzüm və əncir bağları idi. Bizi qoymurdular bir dənə əncir dərməyə”.

Yeniyetmə İzzət baraklarda yaşayır, müxtəlif işlərdə çalışır. Vəzifəsini çalışdığı zavodda bir ilə köməkçilikdən armaturçu-betonçu səviyyəsinə qaldırır. Polad əritmə zavodunda 1-ci dərəcəli usta olur: “1540 dərəcədə metal əriməyə başlayır. 150-160 ton metalı doldururduq sobalara, orda əriyirdi. Mən “Martin” sobasının qarşısında dayanıb, 2 min dərəcədə əriyən qumla sobanın qapısının qarşısını doldururdum ki, metal axıb tökülməsin. O istinin qarşısında işləyirdim. Qaz, hava, buxar - hamısı bizim canımıza keçirdi. Havatəmizləyici qurğuları açırdıq, hava təmizlənirdi”.

İzzət dayı deyir ki, ağır əmək olan yerdə iş qəzaları da qaçılmaz idi. Ani ehtiyatsızlıq, ölümə səbəb ola bilərdi. Dəfələrlə ərimiş metal üzərilərinə tökülüb. Uzun sürən müalicə də alıb. Yenidən iş başına qayıdıb. Deyir, işdə çəkdiyi əziyyətlər yavaş-yavaş unudulub gediR. Amma gözünün qarşısında baş verən intihar yaddaşında dəhşətli iz qoyub: “Gözümün qabağında - başqa şöbədən bir qız gəldi, dayandı “Martin” sobasının qarşısında. Bir anda özünü atdı sobaya. Bircə onu gördüm ki, göy rəngdə bir alov çıxdı. Daha heç nə görmədim”.

Neçə-neçə gəncin poladəridən kimi yetişməsində də əməyi olub İzzət Yusifovun. “Əməkdə fərqlənməyə görə”, “Lenin yubileyi”, “Əmək veteranı” medalı ilə təltif edilir. “Sosialist Əməyi Qəhrəmanı” adına təqdimatı da verilir. Amma...

“Bizim böyük usta vardı, Vasili Stepanoviç. Bir gün mənə rus dilində söydü. Dözmədim, bir yumruq vurdum. Bərk dəydi. Dedi ki, nə qədər mən burdayam, sənə yaxşı gün yoxdur. Soruşdum, nə edəcəksən, çörəyimi əlimdən almayacaqsan ki? Həmin ərəfədə mənə Sosialist Əməyi Qəhrəmanı adı veriləcəkdi, başqasına verdilər. Arxa-dayaqsız olduğuma görə, mənə vermədilər. Bir yumruq taleyimi həll elədi”.

İzzət dayıdan ailəsini xəbər aldıq. Danışmaq istəmədi əvvəlcə. İsrar etdik. Amma kaş etməzdik. Böyütdüyü bir oğlunu avtomobil qəzası, digər oğlunu və qızını isə xərçəng xəstəliyi əlindən alıb. Yanında indi tək təsəllisi nəvələri və Gülsənəmidir: “Mən ömrüm boyu haram yeməmişəm. Xeyrim üçün çalışmamışam. Ancaq camaatımızın xeyrinə işləmişəm. Xeyrim üçün işləsəydim, özümə gün ağlayardım. Hər şey qurub, yaradardım. Nəyə desəniz and içərəm, kiminsə bir qəpik belə haram pulunu yeməmişəm. Kiməsə “kəf” gəlmək mənim xasiyyətim deyil”.

220 manat pensiya alır. Şəkər və digər xəstəliklərdən əziyyət çəkir. 86 yaşında yenə işləyir İzzət dayı, amma...
“Qızım, 86 yaşım var. Aldığım 220 manat pensiya ancaq dərmanıma çatır. O vaxt zavodda yananda həkim demişdi ki, öləcəyəm. Qorxudan şəkər oldum. Bu yaşımda gedib ehtiyacdan gözətçi işləyirəm. Orada 15 saat ayaq üstə gəzirəm”.

İzzət dayı dəfələrlə Sumqayıt İcra Hakimiyyətinə və digər qurumlara müraciət edib. Amma çifayda...

“Polad sınar, əyilməz” deyiblər. Qurduğu şəhərin “Sonuncu mogikan”larından sayılan İzzət dayının qüruru kiminsə qarşısında əriyəcək və əyiləcək poladdan deyil. Amma 15 yaşındakı kimi xəyalpərəstdir deyəsən. 86 yaşında qurduğu xəyalın adını da qoyub. Sumqayıtın 70 illiyi münasibəti ilə ona “Xüsusi yubiley təqaüdü” veriləcəyinə ümid edir.

Onun xəyalını gerçəyə çevirmək elə də çətin olmamalıdır...

İlahə Vəliyeva, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın