16:48 19 Sentyabr 2020 810
Ana səhifə Xəbərlər

Nigar Yaqublu-Həzinin “media eksperti” olmaqlığı – BİZİM ŞƏRH

Sentyabrın 18-də Tofiq Yaqublu həbsdən azad edildi. Daha dəqiqi, apellyasiya şikayətinə baxılana qədər ev dustaqlığına buraxıldı. Ümid edək ki, apellyasiya məhkəməsi də onun səhhətini nəzərə alacaq və Tofiq Yaqublu tam azadlığına qovuşacaq.

Gələk, Tofiq Yaqublunun aclıq etdiyi dövrdə və ev dustaqlığına buraxıldığı gün baş verənlərə. Daha doğrusu, məhbus qızından çox siyasətçi ədaları ilə poz verən Nigar Yaqublunun davranışlarına…

Tofiq Yaqublunun aclıq etdiyi müddətdə həkim Adil Qeybullanın, müsavatçını virtual tanıyan yüzlərlə insanın, onun neçə illik dostlarının səmimi narahatlıqlarının, müxtəlif sosial media kampaniyalarının şahidi olduq. Amma bir də bu proses boyu hikkəsini ortaya qoyan, Tofiq Yaqublunu daha çox müəyyən narazılıq yaratmaq üçün qurbanlıq seçən siyasilər vardı. Nə qədər pərdələməyə çalışsalar da, olmurdu. Hə, bir də Tofiq Yaqublu məsələsinin arxasından boylanıb "mən də varam" deyənlər…

Bu prosesdə bir də Nigar Yaqublu-Həzi vardı. Atası həbsdə aclıq edən qız. Amma o qız onunla birlikdə məhkəmə qarşısında öz işini görən müxbirə qarşı etdiyi qeyri-etik davranışı ilə neçə günlük performansını tamamladı. Bakı Apellyasiya Məhkəməsinin qarşısında digər jurnalistlərlə birlikdə ona yaxınlaşan APA TV-nin əməkdaşına açıqlama verməkdən pafos qarışıq əda ilə nümayişkaranə şəkildə imtina etdi. Səbəb isə guya Tofiq Yaqublunun həbsi barədə APA-nın heç nə yazmamasıdır.

Əvvəlcə gəlin, Nigar Yaqublu-Həzinin doğru danışıb-danışmadığına baxaq. İstənilən şəxs “ APA Group”a daxil olan APA, Lent.az APA TV-nin saytlarının axtarış bölməsinə Tofiq Yaqublunun adını yazmaqla bunu asanlıqla müəyyən edə bilər.

Bu kadrlardan da görünür ki, təkcə sentyabrın 17-də və 18-də adı çəkilən saytlarda Tofiq Yaqublunun həm Pentensiar Xidmət və TƏBİB nümayəndələri ilə görüşü, istərsə də ev dustaqlığına buraxılması barədə xəbərlər görüntülü yayımlanıb. Yəni “ APA Group” bütün məsələlərdə olduğu kimi, Tofiq Yaqublu işində də tərəfsizliyini qoruyub saxlayıb. Çünki media orqanının işi informasiya yaymaqdır, inqilabçılıq deyil.

APA TV-nin Nigara hesabat vermək kimi bir borcu yoxdur. Hələ biz onu demirik ki, APA TV-nin orda məhz işindən və situasiyadan dolayı Nigara mikrofon uzadan əməkdaşı orda Nigarın onu yuhlatdığı digər “telefon jurnalistikası nigarları”na media və əxlaq dərsi keçməyə haqqı çatan biridir. Bunu da bir kənara qoyduq…

Əslində isə necə olmalı idi? Atasının və ailəsinin ağır günlərinin bitdiyinə sevinən qız orda ona dəstək üçün gələn hər kəsə təşəkkür etməli, içindəki kini, nifrəti və ədanı unutmalı idi. Normal məntiq də, övladın ata sevgisi də, o günün və vəziyyətin emosiyası da bunu deyirdi və diqtə edirdi. Əgər Nigar orda bu cür davrana bilmirdisə, onda onu atasının həbsi üzərindən siyasi şou düzəltməkdə ittiham edənləri qınamasın…

Hə, siyasətlə məşğul olmaq istəyirsə, bu da pis deyil. Amma uğursuz olacaq. Çünki ölkə o tərəfli-bu tərəfli onun eşitmək istədiyini deməyən mikrofonları itələyən siyasətçilərlə doludur. İndi kim daha peşəkardır: APA TV-yə qarşı qeyri-etik davranan Nigar və onun müdafiəçiləri, yoxsa hər şeyə rəğmən dözüm, tolerantlıq və humanizm nümayiş etdirən hökumət?

Hamı və hər kəs medianı yanında görmək istəyir, ittiham olunanda medianın üstünə qaçır, ittiham olunmadığı vaxtlarda isə medianın üstünə yeriyir. Hamı medianın onun dilində danışmasını istəyir. Biz Ramiz Mehdiyev və Əli Həsənov nümunəsində bunu əyani şəkildə gördük. Gənc Nigar Yaqublu-Həzinin söz azadlığına və mediaya münasibətdə sovet rejiminin yetişdirmələri ilə eyni düşüncədə olması isə onu göstərir ki, medalı o biri üzə çevirəndə nəticə dəyişmir. Demokratiya doğrudan da gediləsi uzun yol imiş...

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın